Azərbaycan millisinin 2014-cü il dünya çempionatının seçmə mərhələsində Lüksemburq və Portuqaliya komandaları ilə rəsmi oyunlarına daha 2 futbolçu çağırılıb.
"Simurq” klubunun müdafiəçisi İlkin Qırtımov və "Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev Bakıda təlim-məşq toplanışı keçirən komandamızın heyətinə cəlb olunub.Müdafiənin sağ cinahında oynayan İlkin yığmamızın fevralda Dubaydakı təlim-məşq toplanışına aparılsa da, yoldaşlıq görüşlərində meydana çıxmamışdı. Elnur isə 5 aylıq fasilədən sonra yenidən millidə çıxış edəcək.
Berti Foqts martın 22-də Lüksemburqla keçiriləcək səfər oyununa hazırlığı Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirir. Ancaq millimiz martın 13-də keçirilən hazırlığa tam heyətlə başlaya bilməyib. Belə ki, Topaz Premyer Liqasının bəzi oyunları gec başa çatdığına görə, "İnter”lə "Qəbələ”nin futbolçuları, müvafiq olaraq, müdafiəçi Vladimir Levinlə qapıçı Anar Nəzirov məşqlərə dünən gəliblər. Toplanışa dəvət olunmuş Elhad Nəziri martın 17-dən, Ruslan Abışov və Cihan Özkara isə 18-dən millinin heyətinə qoşulacaqlar.
Qeyd edək ki, yığmamız Lüksemburqdan qayıtdıqdan sonra martın 26-da Bakıda Portuqaliya yığması ilə qarşılaşacaq.