Azərbaycan futbolu üçün yeni format

Azərbaycan futbolu üçün yeni format

İdman Araşdırmalar Mərkəzi (İAM) Topaz Premyer Liqası, Azərbaycan kuboku və I divizionun yeni formatı ilə bağlı hazırladığı təklifləri açıqladı. 
Martın 12-də "APAHolding”in ofisində təkliflərlə bağlı mətbuat konfransı keçirildi.
Yeni formatın təqdimatında çıxış edən qurumun sədri Elşən Məmmədov hazırlanan təklifləri KİV nümayəndələrinin nəzərinə çatdırdı. O bildirdi ki, 9 bənddən ibarət təkliflər artıq rəsmi şəkildə Peşəkar Futbol Liqasına da təqdim olunub. İAM-ın 9 bəndlik təklifləri isə həm Topaz Premyer Liqası, həm I divizion, həm də Azərbaycan kubokunun keçirilmə formatı ilə bağlıdır.
Elşən Məmmədov çıxışında qurumun təkliflərinin futbolumuza verəcəyi faydadan danışdı. O, yeni formatın əvvəlki ilə müqayisədə, ən azı, 16 üstünlüyə malik olduğunu vurğuladı. Bu üstünlüklər həm klubların mənafeyinə xidmət edəcək, həm də yarışlara marağı artıracaq. Qazanan isə futbol azarkeşləri olacaq. Artıq çempionatla yanaşı, ölkə kubokuna da maraq böyüyəcək.
Təkliflər və onların üstünlükləri açıqlandıqdan sonra konfransa qatılan jurnalistlərlə müzakirələr aparıldı. 14 komandalı sistemin aşağı dəstə klublarının maddi durumu səbəbindən mümkün olmadığı vurğulandı. E. Məmmədov üzvlük haqqı, cərimələr və ya legionerlər üçün ödəmələrin, ən azı, birinin azaldılması ilə bağlı təklifin bu problemin həlli üçün yetərli ola biləcəyini qeyd etdi.
KİV nümayəndələrinin 10 komandanın 4 dövrədə oynaması ilə bağlı təklifini dəstəkləməyən İAM sədri bunun ölkə kuboku ilə uyğun gəlmədiyini bildirdi: "Bu sistemlə komandalar 36 çempionat matçı keçirəcək. Kubokda qrup mərhələsinin tətbiq olunacağı halda isə oyunun sayı klublarımız üçün yüksək həddə çatacaq. Bu səbəbdən 10 komandalı sistem düzgün deyil”.
Bundan başqa, müzakirələr zamanı cərimələrin azaldılması, paytaxt klublarının Premyer Liqanı "Bakı birinciliyi”nə çevirməsi, aşağı dəstə klublarının güclülərlə "ayaqlaşa bilməməyi” diqqətdən kənar qalmadı. Elşən Məmmədov ölkəmizdə paytaxt klublarının çoxluğundan danışarkən Gürcüstan nümunəsini önə çəkdi: "Bizdəki kimi, Gürcüstan çempionatında da 12 klub mübarizə aparır. Lakin qonşu ölkədə əksər komandalar bölgələri təmsil edirlər. Paytaxtın 1 komandası var. Daha bir komanda Tbilisi ətrafı bölgədəndir. Digər klublar müxtəlif bölgələrdəndirlər. Bizdə isə bölgə klubları da Bakıya "köçür”. Üzvlük haqqı və rüsumların azaldılması bu istiqamətdə də problemlərin həllinə yardım edər”.
Müzakirələrdən sonra E. Məmmədov təkliflər arasında ən səmərəlisinin məhz kubokla bağlı təklif olduğunu bildirdi. O artıq qarşıdakı mövsüm üçün tətbiq oluna biləcək variantı da açıqladı. Martın 15-də keçiriləcək AFFA-nın konfransında format məsələsinin müzakirəsinin mümkünlüyünü vurğulayan natiq qeyd etdi ki, indiki durumda ölkə kubokunda mübarizə 1/4 finaldan başlayır. UEFA prezidenti Mişel Platininin də ölkələrdə milli kubok yarışlarına daha ciddi yanaşmalı olduğunu açıqladığı halda indiki vəziyyət məqbul deyil. O, Topaz Premyer Liqasında və I divizionda turnir cədvəlinə əsasən klubların ölkə kubokunda necə bölünəcəyini izah etdi. Məlum oldu ki, buna əsasən ilk "7-lik”də yer alanlar 4 qrupa bölünəcəklər.