“Tour of Hainan” sona yaxınlaşır

“Tour of Hainan” sona yaxınlaşır


Çində keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı "Tour of Hainan” veloyürüşü sona yaxınlaşır. Xatırladaq ki, 9 mərhələdən ibarət çoxgünlük yarışda 20 komanda iştirak edir.
Dünən keçirilən 8-ci mərhələdə iştirakçılar 154 km məsafə qət ediblər. Velosipedçilərimizin dördü - Maksim Averin, Aleksandr Surutkoviç, Elçin Əsədov və Samir Cəbrayılov finişi mərhələ qalibi ilə eyni vaxtda keçən pelotonun içərisində olublar - 3 saat, 52 dəqiqə, 13 saniyə.
Ümumi sıralanmada təmsilçilərimizdən ən yaxşı nəticə Elçin Əsədova məxsusdur: o, liderdən 1 dəqiqə, 43 saniyə geri qalmaqla 12-ci yerdədir. Komanda hesabında isə "Synergy Baku” 5-cidir.
Sabah keçiriləcək sonuncu - 9-cu mərhələdə velosipedçilər 165.7 km məsafə qət edəcəklər. Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya şirkətlərindən biri olan "Synergy Group” ASC "Synergy Baku” komandasının baş sponsoru olmaqla Azərbaycanda velosiped idmanının inkişafını dəstəkləyir.