Novruz bayramı münasibətilə Rusiyanın Saratov şəhərində müsəlman diasporlarının komandaları arasında mini futbol üzrə ənənəvi turnir keçirilib.
Turnirin təşkilatçıları Saratov Vilayəti Müsəlmanlarının Dini İdarəsi, Saratov Vilayəti Milli Mədəniyyət Birlikləri Assosiasiyası, Saratov vilayətinin diaspor təşkilatlarıdır.
Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) vilayət şöbəsini turnirdə bu yarışın keçənilki qaliblərindən və kubok sahiblərindən ibarət komanda təmsil edib. Turnirdə həmçinin qazax, tatar, çeçen, Dağıstan diasporlarının, habelə Saratov və Engels şəhərləri mədrəsələrinin kollektivləri təmsil olunublar. Yarışıda Azərbaycan komandası gözəl oyun nümayiş etdirərək, yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə təmsilçilərimizi təcrübəli futbolçulardan ibarət tatar komandası ilə görüş gözləyirdi. Görüşün əvvəlindən gərgin mübarizə getsə də, oyun Azərbaycan komandasının qələbəsi ilə başa çatıb.
Birinci yer uğrunda mübarizədə həmyerlilərimizi daha bir ciddi rəqib - qazax diasporunun komandası gözləyirdi. Gərgin idman mübarizəsi şəraitində keçən final görüşü qazax futbolçularının qələbəsi ilə başa çatıb. Turnir başa çatdıqdan sonra çıxış edən ÜAK-ın regional Saratov şöbəsinin sədri Vladimir Muradov belə turnirlərdə, hər şeydən əvvəl, dostluğun qalib gəldiyini və turnirdə ikinci yerin də yaxşı nəticə olduğunu bildirdi.
Mükafatlandırma mərasimində Saratovdakı "Şeyx Səid” mədrəsəsinin direktoru Rasim Kuzyaxmetov yarış haqqında fikirlərini deyib. "Turnirin başlıca yekunu onun zədəsiz, münaqişəsiz, maraqlı idman mübarizəsində keçərək Saratov vilayətində yaşayan müxtəlif millətlərdən olan müsəlmanları bir-birinə daha da yaxınlaşdırmasıdır.
Saratov vilayəti milli birliklərinin liderləri tezliklə Mordvada müsəlman komandaları arasında keçiriləcək Rusiya Federasiyasının Volqaboyu birinciliyində iştirak etmək üçün yığma komanda yaratmaq barədə razılığa gəliblər. Şübhəsiz ki, yığma komandanın tərkibində Azərbaycan futbolçuları, məsələn, turnirin ən yaxşı futbolçusu kimi tanınmış Anar Məmmədov da olacaqdır”, - deyə o bildirib.