Dünyanın ən məşhur futbolçusu sayılan Leonel Messi bütün sevənlərini şoka salan açıqlama ilə çıxış edib. O hazırda çıxış etdiyi «Barselona»dan gedəcəyini deyib.
Doğrudur, argentinalı bu klubdan karyerasının sonlarında ayrılmağa hazırlaşır. Bununla belə, onun azarkeşləri narahatlıq keçirirlər. İspaniya mətbuatına müsahibə verən Messi karyerasının sonlarını Argentinanın «Nyuells Old Boyz» klubunda keçirəcəyini bildirib. Qeyd edək ki, Messi futbol karyerasına məhz bu klubda başlayıb. «Hələlik, özüm də bilmirəm ki, nə qədər futbol oynayacağam. Amma onu dəqiq bilirəm ki, futbola «Nyuells Old Boyz» klubunda əlvida deyəcəyəm».
Argentinalı hücumçu karyerasına başladığı bu komandada 1995-2000-ci illərdə çıxış edib.
Əslində, «çıxış edib» sözü çox böyük səslənir. Çünki 1995-cildə Messinin cəmi 8 yaşı var idi. Həmin vaxt o, «Nyuells Old Boyz» futbol məktəbində bu növlə məşğul olurdu. Elə bu məktəbdə olarkən «Barselona»nın nümayəndələri 12 yaşlı argentinalı oğlanla müqavilə bağlayaraq onu Kataloniyaya gətiriblər. Beləliklə, gələcəyin ən məşhur futbolçusu əsl futbol həyatına «Barsa»da başlayıb.
Bu klubla Messinin müqaviləsi 2018-ci ildə başa çatacaq. Qeyd edək ki, müqavilənin ümumi dəyəri 250 milyon avro təşkil edir. Deməli, 2018-ci ildən sonra Messini almaq istəyən hər hansı klub külli miqdarda xərc çəkməli olacaq.