Məktəblilər Avstriyadakı xizək alpinizmi düşərgəsindən qayıdıblar

Məktəblilər Avstriyadakı xizək alpinizmi düşərgəsindən qayıdıblar

Respublikamızın məktəblilərindən ibarət qrup ilk dəfə xizək alpinizmi (ski-alpinism) üzrə beynəlxalq gənclər düşərgəsində iştirak ediblər. 8 ildir fəaliyyət göstərən düşərgə Avstriyanın Lients şəhərində Tirol Alplarında keçirilib. Tədbirdə 11 ölkə nümayəndəsi iştirak edib. Qeyd edək ki, Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) üzvü olan Azərbaycan Alpinizm Federasiyası (AAF) bu düşərgədə ilk dəfə iştirak edib. AAF-ın Nizami Uşaq və Gənclər İncəsənəti Mərkəzinin "Gənc səyyah” dərnəyinin üzvləri düşərgədən yaxşı təəssüratla qayıdıblar. Heyətə Yevgeniya Nəcəfova rəhbərlik edib.
Düşərgənin rəsmi açılışı dekabrın 4-də Lientsdə olub. Uşaqlara qar uçqununa qarşı ləvazimat verilib, istifadə qaydası izah edilib. Tirol Alplarına qışın hələ tam olaraq gəlməməsi ilə bağlı düşərgə təşkilatçıları proqrama bəzi dəyişikliklər edib, dərslərin keçirilmə yerini dəyişməli olublar. Düşərgənin ikinci günündə iştirakçılar üçün xizək turu təşkil edilib. Turnirin startı 2000 m hündürlükdən verilib. Buradan 5 qrupa bölünən uşaqlar təlimatçıların nəzarəti altında qarlı meşə ilə yüksək dağlarda yerləşən daxmaya doğru üz tutublar. Qalxma prosesi 4 saatdan çox vaxt aparıb. Qısa istirahətdən sonra iştirakçılar xüsusi trass ilə start nöqtəsinə eniblər. Bir gün sonra yarış başlayıb. Onlar xizəklə 1 km-lik dik qarlı yamaclığa qalxıb, sonra qırmızı (yəni çətinlik dərəcəsi yüksək olan yamac) trass ilə eniblər. Bu yarışda nə qələbə, nə də məğlubiyyət olmayıb. İştirakçılara xatirə hədiyyələri verilib.