Çempionluğa yaxınlaşan “Neftçi”, “Dalğa Arena”da qol şousu və debütdə heç-heçə

Çempionluğa yaxınlaşan “Neftçi”, “Dalğa Arena”da qol şousu və debütdə heç-heçə

Ötən həftə Topaz Premyer Liqasında 17 günlük fasilə başa çatıb. Çempionat təmsilçiləri martın 13-dən sonra ilk dəfə meydana çıxıblar. XXIV turun bütün oyunları eyni gündə təşkil olunub. Keçirilən 6 oyundan 3-də 3 xalı qonaqlar qazanıblar.
"Qarabağ” doğma azarkeşlər önündə "Qəbələ” klubunu sınağa çəkib. Ağdam klubu ölkə kubokunun 1/4 final mərhələsində iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdırdığı Qəbələ təmsilçisindən yenə üstün olub. Oyunun taleyini bir qol həll edib. Yeganə qolu meydan sahibləri vurublar. Matçın 39-cu dəqiqəsində Riçard Almeyda topu "doqquzluğa” göndərməklə, komandasına vacib 3 xal qazandırıb.
"Sumqayıt” - "Kəpəz” matçında da bir qol qeydə alınıb. Oyunun 67-ci dəqiqəsində gəncəlilərin qapısına 11 metrlik cərimə zərbəsi təyin olunub. Topa yaxınlaşan Murat Doymuş qapını dəqiq nişan alıb. Bununla da, xal hesabını 28-ə yüksəldən Sumqayıt təmsilçisi Topaz Premyer Liqasında qalmaq yolunda önəmli addım atıb.
"Dalğa Arena” stadionunda keçirilən oyunda isə azsaylı azarkeşlər qol şousuna şahidlik ediblər. 8 qolun vurulduğu oyunda gah ev sahibi, gah da qonaq komanda hesabda önə keçib. Lakin sonda "Rəvan” qələbə qazanıb. Hesabı oyunun 9-cu dəqiqəsində qonaqlardan Mindauqas Kalonas açıb. Bundan sonra irəli atılan "Turan” matçın 29-cu dəqiqəsində Azər Məmmədovun, 5 dəqiqə sonra Fərmayıl Əliyevin vurduğu qollarla vəziyyəti xeyrinə dəyişib. İkinci hissədə özünə gələn "Rəvan” 14 dəqiqə ərzində 5 qol vurub. Qarşılaşmanın 60-cı dəqiqəsində Kalonas bərabərliyi təmin edib. Cəmi bir dəqiqə sonra Xuan Manuel Varea bakılıları hesabda önə keçirib. Oyunun 68-72-ci dəqiqələrində daha iki qol vuran Varea fərqi 3 topa çatdırıb. O, üçüncü qoluna 11 metrlik cərimə zərbəsindən imza atıb. Matçda son nöqtəni isə oyunun 73-cü dəqiqəsində Miloş Adamoviç qoyub - 6:2.

Çempionluğa əsas namizədlər - "İnter” və "Neftçi” "Şəfa” stadionunda münasibətlərinə aydınlıq gətiriblər. Oyunun 31-ci dəqiqəsində "Neftçi” cərimə zərbəsi vurmaq imkanı qazanıb. Julius Vobay dəqiq zərbə ilə komandasına qələbə qazandıran qola imza atıb. Matçın 74-cü dəqiqəsində sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə ikinci sarı vərəqəni alan Rəşad Sadiqov "Neftçi”ni azlıqda qoysa da, "İnter” bərabərlik qolunu vura bilməyib. Bununla da, "Neftçi” rəqibləri ilə arasındakı xal fərqini 4-ə yüksəldərək, çempionluğa bir qədər də yaxınlaşıb.
Daha bir maraqlı oyun Zaqatalada keçirilib. Yerli "Simurq” klubu "Bakı” ilə qarşılaşıb. Bu oyunda da azarkeşlər bir qol izləyiblər. Marius Pena oyunun 77-ci dəqiqəsində fərqlənərək, "Bakı”ya 3 xal qazandırıb.
Tura Lənkəran şəhər stadionunda yekun vurulub. "Xəzər Lənkəran”ın yeni baş məşqçisi Con Toşak debüt oyununu AZAL-a qarşı keçirib. Hesabı oyunun 23-cü dəqiqəsində Oskar Klava açıb. 11 dəqiqə sonra isə Alvaro Silva bərabərliyi təmin edib. Qalan dəqiqələrdə tərəflərin səyinə baxmayaraq, 1:1 hesabı sonadək dəyişməyib. Halbuki, Zohair Benuahi 11 metrlik cərimə zərbəsindən dəqiq yararlansa idi, AZAL Lənkəranda cari mövsümdə ikinci qələbəsini rəsmiləşdirə bilərdi. Eyni zamanda matçın 72-ci dəqiqəsində Aylton qırmızı vərəqə alaraq AZAL-ı azlıqda qoysa da, meydan sahibləri də qələbə qolunu vura bilməyiblər. Beləliklə, britaniyalı mütəxəssis Azərbaycan çempionatında debütünü 1 xalla qeyd edib.
                   

                       Topaz Premyer Liqası
                           XXIV tur
30 mart
1-6-cı yerlər uğrunda
"İnter” - "Neftçi” - 0:1
Qol: Julius Vobay, 31.
Bakı. "Şəfa” stadionu.
Təsnifat mərhələsindəki oyunlar: 1:1, 0:2.

"Simurq” - "Bakı” - 0:1
Qol: Marius Pena, 73.
Zaqatala. Şəhər stadionu.
Təsnifat mərhələsindəki oyunlar: 0:0, 0:0.

"Qarabağ” - "Qəbələ” - 1:0
Qol: Riçard Almeyda, 38.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Təsnifat mərhələsindəki oyunlar: 1:2, 1:1.
               
                           O      Q      H          M        T            X
1. Neftçi            24     15     3          6      49-25      48
2. İnter               24     12     8          4     26-14      44
3. Qarabağ      24      11     9          4     31-20      42
4. Simurq         24      10     9          5     26-16      39
5. Bakı              24      7       13        4     26-16      34
6. Qəbələ         24       9       5         10   27-30     32

7-12-ci yerlər uğrunda
"Xəzər Lənkəran” - AZAL - 1:1
Qollar: Alvaro Silva, 35 - Oskar Klyava, 26.
Lənkəran. Mərkəzi stadion.
Təsnifat mərhələsindəki oyunlar: 2:0, 1:2.

"Sumqayıt” - "Kəpəz” - 1:0
Qol: Murat Doymuş, 67 (pen.).
Bakı. "Bayıl Arena” stadionu.
Təsnifat mərhələsindəki oyunlar: 0:0, 2:1.

"Turan” - "Rəvan” - 2:6
Qollar: Azər Məmmədov, 30; Fərmayıl Əliyev, 35 - Mindauqas Kalonas, 10, 60; Xuan Manuel Varea, 62, 69, 72 (pen.); Miloş Adamoviç, 74.
Bakı. "Dalğa Arena” stadionu.
Təsnifat mərhələsindəki oyunlar: 2:2, 0:2.

                             O           Q        H        M         T          X
7. AZAL              24          8         9         7       36-27    33
8. Xəzər Lənk.   24          7         8         9       33-29    29
9. Sumqayıt        24          7         7        10     25-39     28
10. Rəvan           24          8         4        12     30-38     28
11. Turan            24          6         5         13    26-45     23
12. Kəpəz          24           2         4        18    13-49     10

Bombardirlər
1. Nikolas Kanales ("Neftçi”) 20 qol
2. Franko Nildo (AZAL) 13 qol
3. Juan Manuel Varea ("Rəvan”)11 qol
4. Salif Ballo ("Turan”) 9 qol
5. Pərdis Fərcad Azad ("Sumqayıt”) 9 qol
6. Riçard Almeyda ("Qarabağ”) 9 qol
7. Zohair Benouahi (AZAL) 7 qol
8. Baçana Sxadadze ("İnter”) 7 qol