Azərbaycan milli komandası DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti oyunlarını keçirib. Komandamız səfərdə heç-heçə etsə də, öz meydanında məğlubiyyətlə üzləşib. Bu nəticələrdən sonra yığmamız əvvəlki kimi 5-ci pillədəki mövqeyində qalıb.
DÇ-2014-ün seçmə mərhələsi
Lüksemburq - Azərbaycan - 0:0 (0:0)
Hakimlər: Padraigh Sutton, Mark Gavin, Dermot Broughton, Neil Doyle (hamısı İrlandiya).
22 mart. Lüksemburq. "Jozi Bartel” stadionu.
562 günlük həsrət
davam edir
Yığmamız DÇ-2014-ün seçmə mərhələsində növbəti oyununda 562 günlük həsrətə son qoymağa çalışırdı. Məsələ burasındadır ki, millimiz almaniyalı baş məşqçisi Berti Foqtsun rəhbərliyi altında il yarımdır ki, rəsmi matçlarda qalib gələ bilmirdi.
Həmyerlilərimiz bu müddətdə 5 rəsmi oyun keçirib ki, bunlardan 1-i ötən, qalan 4-ü isə cari seçmə mərhələyə aid idi. Berti Foqtsun komandası sonuncu rəsmi qələbəsini 2012-ci ilin sentyabrın 6-da Qazaxıstan yığmasını evdə 3:2 hesabı ilə məğlub edəndə qazanmışdı. Bundan sonra seçmə mərhələ oyununda səfərdə Türkiyə yığmasına 0:1 hesablı məğlubiyyətə başa vuran millimiz hazırkı seçmə mərhələyə qədər qələbəyə həsrət idi. Keçirilən 4 matçdan 2-si heç-heçə nəticələnmişdi. Bunlar İsraillə Bakıda, Şimali İrlandiya ilə Belfastda 1:1 hesabı ilə nəticələnən matçlardır. Səfərdə keçirilən digər 2 oyunda isə Portuqaliyaya 0:3, Rusiyaya 0:1 hesabı ilə uduzmuşuq.
Ümumiyyətlə, Berti Foqtsun 2008-ci ilin aprelindən baş məşqçisi olduğu millimizdə qələbələrindən çoxu yoldaşlıq görüşündə olub. Rəsmi oyunlarda əldə olunan 3 qələbədən ilk 2-si - 2009-da Vadutsda Lixtenşteyn yığmasına 2:0, bundan 1 il sonra Bakıda Türkiyə yığmasına 1:0 hesabı ilə qalib gəldiyimiz oyunlardır. Berti Foqts cari seçmə mərhələdə qələbəyə Lüksemburqda nail olmağa çalışırdı. Bir qədər irəli gedib bildirək ki, bu arzumuz da ürəyimizdə qaldı.
1 oyun, 1 qələbə
Azərbaycan milli komandası tarixində 2-ci dəfə Lüksemburq yığması ilə qarşılaşıb. Millimiz rəqib qarşısına yenə almaniyalı baş məşqçisi Berti Foqtsun rəhbərliyi altında, yenə martda, yenə "Jozi Bartel” stadionunda çıxıb. Ancaq fərq ondadır ki, 2010-cu il martın 3-də keçirilən matç yoldaşlıq görüşü idisə, 2013-cü il martın 22-də Lüksemburqla rəsmi oyunda qarşılaşdıq.
Üç il əvvəl 2:1 hesabı ilə qalib gəldiyimiz oyunda bütün qollar birinci hissədə vurulmuşdu. Belə ki, oyunun 24-cü dəqiqəsində hücumçumuz Fərid Quliyev hesabı açmağa müvəffəq olmuşdu. Matçın 34-cü dəqiqəsində rəqib komandanın kapitanı Ceff Ştrasser hesabı bərabərləşdirsə də, yarımmüdafiəçimiz Elvin Məmmədova qələbə qolu vurmaq üçün, cəmi 3 dəqiqə kifayət etmişdi. Yeri gəlmişkən, millimizdə həmin matçda oynayanlardan Elvin Məmmədovdan başqa, qapıçı Kamran Ağayev, müdafiəçilər Rəşad Sadıqov, Maksim Medvedev, Mahir Şükürov, yarımmüdafiəçi Ruslan Abışov və hücumçu Rauf Əliyev yenə Berti Foqtsun açıqladığı heyətdə idi. Maraqlıdır ki, almaniyalı mütəxəssisin həmin oyunda ehtiyatda saxladığı 5 futbolçunun hamısı - müdafiəçilər Elnur Allahverdiyev, Vladimir Levin, yarımmüdafiəçilər Rəşad Sadiqov, Əfran İsmayılov və hücumçu Vüqar Nadirov da indi komanda ilə birlikdə idi.
Rəqibə gəldikdə isə, əvvəlki oyunda olduğu kimi, qapıçı Jonatan Juber, müdafiəçilər Tom Şnell, Erik Hoffman, Matias Yansen, yarımmüdafiəçi Rene Peters, Masrio Mutç, Jill Betmer yenə əsas heyətdə yer almışdılar. Fərq baş məşqçilərdə idi - Lüksemburq yığmasını o vaxt Quy Hellers çalışdırırdı, indi isə Lyuk Holts çalışdırır. Maraqlıdır ki, sonuncunun açıqladığı 22 nəfərlik heyətdəki 4 hücumçudan heç biri millimizə qarşı oynamamışdı.
Həmin oyun Berti Foqts üçün millimizin mart ayında yeganə qələbəsini məhz o vaxt qazanması baxımından yaddaqalandır. Belə ki, 67 yaşlı çalışdırıcının bundan sonra - 2010-cu və 2011-ci illərdə mart ayında səfərdə rəsmi oyunları olub ki, bu oyunlarda da müvafiq olaraq, Rusiyaya 0:2, Belçikaya 1:4 hesabı ilə uduzub. Ötən il isə martda millimizin oyunu olmayıb.
Millimizdən ardıcıl 2-ci heç-heçə
Keçirdiyi 4 oyunda 2 xal qazanan yığmamız qrup sonuncusu olan Lüksemburq yığmasını 1 xal qabaqlayırdı. Hələki bu mərhələdə qalib gəlməyən milimiz ilk qələbəsini məhz autsayderlə oyunda qazanmağa şanslı idi. Buna nail olmağa çalışan Berti Foqtsun yetirmələri 4 gün sonra Bakıda Portuqaliyanı qəbul edəcəyindən, daha çətin sınaq qarşısında qalacaqdı.
Berti Foqts rəqibin zəifliyini və qələbənin vacibliyini nəzərə alaraq hücum futbolu taktikasına üstünlük verib. Belə ki, almaniyalı çalışdırıcı 2 hücumçunu - Rauf Əliyevlə Pərdis Fərcad Azadı ilk dəqiqələrdən meydana buraxıb. Vaqif Cavadov yarımmüdafiənin sol, Əfran İsmayılov sağ cinahından hücuma dəstək verib. Millimizin əsas qapıçısı Kamran Ağayev uzun müddətdir oyun praktikası sarıdan korluq çəksə də, B. Foqt onun təcrübəsinə güvənərək qapını Kamrana tapşırmağı qərara alıb. Rəşad Sadıqovla müdafiənin mərkəzində Ruslan Abışov çıxış edəcəyindən, sonuncu bu dəfə dayaq yarımmüdafiəçisi kimi oynamayıb. Əvəzində Rasim Ramaldanov həmin mövqedə Rəşad Sadiqovla birgə çıxış edib. Müdafiənin sol cihanında, son oyunlarda olduğu kimi, Maksim Medvedev, sağında isə Mahir Şükürov qərarlaşıb.
Oyunun ilk dəqiqələri rəqib komandanın üstünlüyü ilə keçib. Tədricən ərazi üstünlüyünü ələ keçirən komandamız təhlükəli hücumlar qurmağa başlayıb. Matçın 13-cü dəqiqəsində Vaqif Cavabovun zərbəsində azacıq dəqiqlik çatmayıb. Az sonra rəqib qapıçı diqqət mərkəzinə düşüb. Ruslan Abışovun təhlükəli zərbəsini qapıçı dəf edib. Lüksemburq yığması bunun cavabını qolla verə bilərdi. Ancaq qapıçımız Kamran Ağayev Yoahimin zərbəsinə ustalıqla küncə çıxardıb. Az sonra millimiz növbəti dəfə qol vurmaq imkanı qazanıb. Oyunun 23-cü dəqiqəsində sağ cinahdan təşkil olunmuş hücum zamanı Rauf Əliyevin ötürdüyü topu Vaqif Cavadov qapıya vursa da, rəqib qapıçı yaxşı oynayıb. Birinci hissənin sonlarına yaxın meydan sahibləri təşəbbüsü ələ keçiriblər. Lakin bu, hücumda öz təsirini göstərməyiblər. Əvəzində, təmsilçilərimiz 100 faizlik qol imkanından yararlana bilməyib. Oyunun 43-cü dəqiqəsində sol cinahdan təşkil olunmuş hücum zamanı Rəşad Sadiqovun ötürdüyü topu Pərzad qapıya vursa da, top dirəyə tuş gəlib. Tərəflərin səyinə baxmayaraq, birinci hissədə hesab açılmayıb. Fasilədən sonra da matç təmsilçilərimizin hücumları ilə keçib. Oyunun 48-ci dəqiqəsində Rauf Əliyevin vurduğu topu rəqib qapıçı küncə çıxardıb. Az sonra Əfran İsmayılovun zərbəsi təhlükəli alınıb. Hesabın açılmadığını görən millimizin baş məşqçisi Berti Foqts heyətdə dəyişiklik edib. Almaniyalı mütəxəssis Vaqif Cavadovun əvəzinə hücumçu Vüqar Nadirovu meydana buraxıb. Hücumçunun meydana daxıl olması hücumlarımızın sayını artırıb. Matçın gedişində rəqib qapıçı Ruslan Abışovla Rauf Əliyevin qol vurmalarına imkan verməyib. Nəticədə, yeni hücumçunun meydana daxil olması qol vurmaq baxımından əhəmiyyətli olmayıb. Oyun, başladığı kimi də, başa çatıb. Milli komandamız səfər matçında ardıcıl heç-heçə edərək, 1 xal qazanıb.
Azərbaycan - Portuqaliya - 0:2 (0:0)
Qollar: Bruno Alveş, 63; Uqo Almeyda, 79.
Hakimlər: Andre Mariner, Simon Peter Bennett, Stüart Bart, Entoni Teylor (hamısı İngiltərə).
26 mart. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
14 ildən sonra yenidən Bakıda...Bu dəfə baş məşqçi kimi
Martın 26-da Azərbaycan milli komandası DÇ-2014-ün seçmə mərhələsində 2-ci ev oyununu keçirdi. İsrail komandası ilə ev oyununda uduzmayan Berti Foqtsun yetirmələri bu dəfə Portuqaliya yığmasını qonaq etdi. Bu, komandalar arasında 6-cı qarşılaşma oldu.
Əvvəlki 5 matç pireneylilərin aşkar üstünlüyündən xəbər verirdi. 4 qələbə qazanan "qırmızılar” cəmi 1 dəfə yığmamıza 1 xalın sevincini yaşadıb. Elə top fərqində də Portuqaliya millisinin səviyyəsi aşkar görünürdü. Onlar millimizin 1 qoluna 16 topla cavab vermişdilər. Bu görüşlərdə maraqlı faktlar müşayiət olunurdu. Məsələ burasındadır ki, Bakıdakı oyunlarda qapılara 2 qol vurulmuş, Portuqaliyadakı qarşılaşmalarda isə meydan sahibləri böyük hesablı qələbəyə sevinmişdilər.
Bu rəqiblərin "tanışlığı” 1999-cu ildə gerçəkləşib. Futbol tariximizə "Gimaraynş faciəsi” kimi düşən həmin matçda Portuqaliya yığması Dmitri Kramarenkonu meydana çıxmağa peşman etmişdi. Təcrübəli qapıçımız 90 dəqiqədə 7 qola məyus olmuşdu. Həmin görüşdə Luiş Fiqu və komandası 7:0 hesabı ilə qalib gəlmişdi. Sa Pintu matçın 28-ci, Joao Pintu 37-ci dəqiqələrindəki qollarla oyunun taleyini elə birinci hissədə həll etmişlər. Fasilədən sonra Paulo Madeyra oyunun 68-ci, Joao Pintu 71-ci, Serjio Konseysao 75-ci dəqiqələrində hesabı biabırçı həddə çatdırıblar. Portuqaliyalıların bombardiri Pauleta isə 3 dəqiqəyə 2 qol vuraraq, Əhməd Ələsgərovun yetirmələrinə biabırçı məğlubiyyət yaşatmışdılar. Bu məğlubiyyətdə matçın 66-cı dəqiqəsində Rasim Abışovun meydandan qovulmasından sonra yığmamızın azlıqda qalmasının da rolu az olmamışdı.
Təxminən yarım il sonra Bakıda təşkil olunan oyunda isə millimiz rəqibini büdrədə bilmişdi. Həmin vaxt Əhməd Ələsgərovun yetirmələri rəqib komanda ilə 2 gün dalbadal oynamışdı. İlk gündə matçın gedişində işıqlar söndüyündən ertəsi gün komandalar yenidən meydana çıxmışdılar. Vurduğu qolla "Qızıl oğlan” ləqəbi alan Zaur Tağızadə matçın 51-ci dəqiqəsində hesabı açmışdı. Oyunun 84-cü dəqiqəsində meydandan qovulan gənc futbolçu komandamızı azlıqda qoymuşdu. Lakin qonaqlar yalnız son saniyələrdə Luiş Fiqunun qolu ilə məğlubiyyətdən qaçmağı bacarmışdılar. Həmin matça start heyətində çıxanlar arasında Portuqaliya yığmasının indiki baş məşqçisi Paulu Bentu da var idi. O, 14 ildən sonra Tofiq Bəhramov adına Respublika stadionuna baş məşqçi kimi çıxdı.
Növbəti 2 oyun isə Şahin Diniyevin millidə çalışdığı dövrə təsadüf etmişdi. Təxminən 6 il yarım əvvəl Kriştianu Ronaldo və yoldaşları millimizi səfərdən başıaşağı yola salmışdılar. Ronaldo oyunun 25-ci və 63-cü, Rikardo Karvalyo isə 30-cu dəqiqələrində qol sevinci yaşamışdı. Bir il sonra Bakıdakı qarşılaşmada isə Brunu Alveş matçın 12-ci, Uqo Almeyda 45-ci dəqiqələrində millimizi məyus etmişdi. Həmin görüş də 8 il əvvəl Bakıda olduğu kimi 2 qolla başa çatmışdı. Lakin bu dəfə hər 2 qol qonaqlardan gəlmişdi. Yığmamız 2-ci ev oyununu da azlıqda başa çatdırmışdı. Bu dəfə Ronaldoya dirsək zərbəsi vuran Aslan Kərimov yoldaşlarını azlıqda qoymuşdu.
Nəhayət, komandaların son qarşılaşması ötən payızda keçirilmişdi. Meydan sahibləri yenə komandamızı 3 qolla məyus etmişdi. Varela matçın 65-ci, Elder Poştiqa 85-ci dəqiqələrində 2 qol vuraraq matçın taleyini həll etmişdilər. Oyunun 88-ci dəqiqəsində isə Brunu Alveş fərqlənməklə yığmamızla oyunlarda ardıcıl 2-ci dəfə meydanı qolsuz tərk etməmişdi.
Prineylilər Bakıdan 3 xal apardılar
Oyun qonaq komandanın hücumları ilə başlayıb. Yığmamız isə daha çox müdafiəyə diqqət ayırıb. Ümidlərini əks-hücumlara saxlayan təmsilçilərimiz erkən qolla qonaqları şoka sala bilərdi. Amma qapıya dəqiq zərbə vuran tapılmayıb. Qonaqların ilk təhlükəli hücumu zamanı hesabın açılmasına qapıçımız mane olub. Poştiqanın zərbəsini Kamran əla reaksiya ilə geri qaytarıb. Az sonra yenidən Poştiqa-Kamran cütlüyü diqqət mərkəzinə düşüb. Bu dəfə də qapıçımız inamlı çıxışı ilə yadda qalıb. Birinci hissənin sonlarına yaxın müdafiə xəttimiz kobud səhvlər buraxıb. Bunun nəticəsi olaraq, rəqib komanda daha təhlükəli hücumlar qurub. Oyunun 40-cı dəqiqəsində Alveşin cərimə zərbəsindən vurduğu top qapı dirəyindən qayıdıb. Az sonra Kamran Ağayev inanılmaz reaksiya ilə komandamızı real qoldan xilas edib.
Fasilədən sonra oyun daha çox qapımız qarşısında keçib. İkinci hissənin əvvəllərində Rauf Əliyev 4 dəqiqə ərzində 2 sarı vərəqə almaqla meydandan qovulub. Millimizin azlıqda qalması oyuna öz təsirini göstərib. Oyunun 63-cü dəqiqəsində künc zərbəsindən ötürülən topu Alveş başla qapıdan keçirib - 0:1. Hücumlarını davam etdirən prineylilər yığmamızı ikinci dəfə oyuna mərkəzdən başlamağa məcbur ediblər. Oyunun 79-cu dəqiqəsində qapı qarşısına ötürmə zamanı Almeyda boş qapını dəqiq nişan alıb.
Beləliklə, millimiz seçmə mərhələdə növbəti dəfə Portuqaliya yığmasına məğlub olub.
Oyundan sonra
Berti Foqts (Azərbaycan milli komandasının baş məşqçisi): "Komandamdan tam razı qalmadım. Mən sürətli oyun, rəqibə qarşı təzyiq gözləyirdim. Belə güclü rəqiblə oyunda gec-tez qol olacağını ehtimal edirdim. Bizim də qol şanlarımız var idi. Görünür, bəzi futbolçularımızın gücü çatmadı. Rəqibi qələbə münasibəti ilə təbrik etməliyik”.
Paulo Bentu (Portuqaliya milli komandasının baş məşqçisi): "Biz hər oyuna qələbə üçün çıxırıq. Bu gün belə alındı ki, rəqib 10 nəfərlə qaldı. Bununla da bəxtimiz gətirdi. Bu, hakimin qərarıdır və onu şərh etmək istəmirəm. Bizim üçün rəqibin meydanda neçə nəfərlə olmağının fərqi yoxdur”.
Ruslan Abışov (Azərbaycan milli komandasının müdafiəçisi): "Rəqib kifayət qədər güclü idi. Birinci hissədə bacardığımız qədər müdafiə olunduq. Hətta 1-2 vəziyyətdə qol da vura bilərdik. Həmin vəziyyətin düzgün dəyərləndirmək lazım idi. İkinci hissənin əvvəlində isə azlıqda qaldıq. 10 nəfərlə bu cür komandaya qarşı oynamaq çox çətindir. Biz futbol oynamaqdan çox, topsuz qaçırdıq. Hücum qura bilmirdik. Bir sözlə, ikinci hissədə futbol oynamadıq. Sadəcə, hesabın böyük olmamasına çalışdıq. İkinci hissədə Rauf Əliyev meydandan qovulandan sonra vəziyyətimiz daha da çətinləşdi. Hücum qurmaq üçün heç bir imkanımız yox idi. Ancaq müdafiə olunmaq haqda düşünürdük. 0:2 hesabı ilə yenildik. Ümid edirik ki, qarşıdakı oyunlarda bu cür halla üzləşmərik. Qarşıda vacib oyunlarımız var. Portuqaliyaya nisbətən daha zəif rəqiblərlə qarşılaşacağıq. Lüksemburq və Şimali İrlandiya ilə Bakıda keçirəcəyimiz oyunlarda qələbə qazanıb, vəziyyətimizi yaxşılaşdıracağımıza ümid edirik”.
Bruno Alveş (Portuqaliya milli komandasının müdafiəçisi): "Biz Azərbaycana qarşı yaxşı oyun keçirdik. Bu oyun bir daha bizim komandamızın yaxşı potensialı olduğunu sübut etdi. Bizim Braziliyada keçiriləcək dünya çempionatının final mərhələsinə düşmək şansımız qalmaqdadır. Azərbaycan millisi ilə oyunda çox yaxşı çıxış etdik, xarakter nümayiş etdirdik. Əsas qələbə qazanmaq idi ki, buna da nail olduq. Əsl komanda oyunu göstərdik”.
Rasim Ramaldanov (Azərbaycan milli komandasının müdafiəçisi): "Fikrimcə hər iki görüşdə pis çıxış etmədik. Lüksemburq o qədər də zəif komanda deyil. Üstəlik, doğma meydan amili köməklərinə çatdı. Bizdə ələ düşən qol vəziyyətlərindən yararlana bilmədik və nəticədə səfərdən qolsuz heç-heçə ilə qayıtdıq. Portuqaliya ilə görüşdə isə ilk hissədə yaxşı oyun nümayiş etdirdik. Ancaq fasilədən sonra hakimin qərəzli qərarından sonra meydanda bir nəfər azlıqda qaldıq. Bu da komandanın oyununa təsir göstərdi. Təbii ki, 10 nəfərlə Portuqaliya millisi kimi güclü rəqibə qarşı mübarizə aparmaq çox çətindir”.