Bu gün Topaz Premyer Liqasında XXV tura start veriləcək. 3 gün ərzində keçiriləcək 6 oyunun 5-i paytaxtda olacaq.
Birinci oyun günü bir oyun keçiriləcək. Qış fasiləsindən sonra inamsız təsir bağışlayan "Qəbələ” ilə "Simurq” kimin güclü olduğunu öz aralarındakı matçda aydınlaşdıracaqlar. Son 3 qarşılaşmada uduzan qəbələlilər baş məşqçisi Ramiz Məmmədovla yollarını ayırandan sonra bu vəzifəyə müvəqqəti olaraq Luis Araqona tapşırıb. İspaniyalı mütəxəssis bu vəzifədə milli çempionatımızda debüt edəcək. "Qəbələ”nin Avropaya vəsiqə verə bilən, hazırda "Simurq”un qərarlaşdığı 4-cü yeri tutmağı üçün mütləq qələbə qazanması lazımdır. Zaqatalalılar üçün də 3 xal vacibdir və komanda cari mövsümdə Qəbələdə qalib gəlməyi bacarıb.
İlk "altılığ”ın digər 2 oyunu paytaxtda keçiriləcək. Bunlardan biri Bakı, derbisi digəri tarixi derbi olacaq. Çempionluq uğrunda oynayan "İnter” bu il uduzmayan "Bakı”nın qonağı olacaq. "Zolaqlılar” sonuncu məğlubiyyətini ötən il məhz "bankçılar”dan alandan sonra məğlub olmur.
Sözsüz ki, bütün milli çempionatlarımızın iştirakçısı olan "Neftçi” ilə "Qarabağ”ın qarşılaşması turun mərkəzi oyunu sayılır. Ağdamlıların, çempionluq mübarizəsində iddiasını davam etdirmək üçün, qələbəyə böyük ehtiyacı var. Hər halda, "Neftçi” qalib gələrsə, onunla xal fərqi artıq 9 olacaq ki, bu da qızıl medala şansları xeyli azaldır. Digər tərəfdən, bakılılar cari mövsümdə "Qarabağ”la keçirdiyi hər 2 matçda eyni hesabla uduzub. Özü də "Neftçi”ni "Bakcell Arena”da yeganə məğlub edən komanda yenidən burada qəbul edəcəyi prinsipial rəqibidir. Deməli, "Qarabağ”ın qalib gəlməsi ilə bu komandanın çempionluq iddiası qalacaq.
İkinci "altılığ”ın bütün matçları Bakıda keçiriləcək. Con Toşakın "Xəzər Lənkəran”ın baş məşqçi vəzifəsində ilk qələbəsini "Kəpəz”lə matçda qazanacağı gözlənilir. Hər halda, debütünü Lənkəranda AZAL-la 1:1 hesablı bərabərliklə qeyd edən 64 yaşlı uelsli mütəxəssis son pillədə gedən "Kəpəz”ə qalib gəlməyə borcludur. Digər oyunlarda "Rəvan” "Sumqayıt”ı, AZAL isə "Turan” klubunu qəbul edəcək.
Topaz Premyer Liqası
XXV tur
5 aprel
"Qəbələ” - "Simurq”
Qəbələ. Şəhər stadionu. Saat 16:00.
Təsnifat mərhələsindəki oyunlar - 1:1, 0:1
6 aprel
"Bakı” - "İnter”
Bakı. "Bakı”nın təlim-məşq bazasının meydançası. Saat 15:00.
Təsnifat mərhələsindəki oyunlar - 0:0, 0:1
"Kəpəz” - "Xəzər Lənkəran”
Bakı. "Dalğa Arena” stadionu. Saat 16:00.
Təsnifat mərhələsindəki oyunlar - 0:5, 0:1
"Neftçi” - "Qarabağ”
Bakı. "Bakcell Arena” stadionu. Saat 17:00.
Təsnifat mərhələsindəki oyunlar - 0:1, 0:1
7 aprel
"Rəvan” - "Sumqayıt”
Bakı. "Bayıl Arena” stadionu. Saat 17:00.
Təsnifat mərhələsindəki oyunlar - 1:0, 2:3
AZAL - "Turan”
Bakı. "AZAL Arena” stadionu. Saat 17:30.
Təsnifat mərhələsindəki oyunlar - 0:1, 0:0