Bu həftə UEFA Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsində ilk oyunları keçirilib. Təşkil edilən oyunlardan sonra "Barselona”, "Bavariya”, "Real” ilk oyunda lazımi nəticə əldə edərək, növbəti mərhələyə bir qədər də yaxınlaşıblar.
İlk oyun gününün hər 2 matçı böyük maraq doğururdu. Fransada reallaşan görüşdə yerli PSJ İspaniyanın "Barselona” klubunu qəbul edib. 1/8 finalda digər İspaniya klubu "Valensiya”nı mübarizədən kənarlaşdıran parislilər Kataloniya təmsilçisinə də gücünü göstərməyə çalışacaqdı. Lakin PSJ rəqibini məğlub edə bilməyib. Belə ki, ilk dəqiqələrdən oyunda üstünlük əldə edən ispanlar matçın 38-ci dəqiqəsində hesabı açaraq fasiləyə minimum hesablı üstünlüklə yollanıblar.

Fasilədən sonra özünə gələn meydan sahibləri İbrahimoviçin sayəsində hesabı bərabərləşdiriblər. Bundan sonra isə tərəflər hərəyə daha bir dəfə fərqlənərək meydandan 2:2 hesablı heç-heçə ilə ayrılıblar. Məlumat üçün bildirək ki, PSJ öz meydanında keçirdiyi avrokubok matçlarında uduzmayaraq şəxsi rekordunu yeniləyib. Paris klubu 24-cü dəfə məğlub olmayıb. Sonuncu dəfə PSJ doğma azarkeşlər önündə çıxış etdiyi avrokuboklarda 2006-cı ilin noyabrında uduzub. Həmin görüşdə İsrailin "Hapoel” klubu ilə üz-üzə gələn Fransa təmsilçisi rəqibinə 2:4 hesabı ilə məğlub olmuşdu.
Ötən il finalda məğlub olan "Bavariya” öz meydanında "Yuventus”u sınağa çəkib. Uzun fasilədən sonra qitənin güclüləri sırasına qatılan italiyalılar səfərdən yaxşı nəticə qazanmağa iddialı idi. Amma "Bavariya” buna imkan verməyib. "Pivəçilər” hər hissədə vurduğu bir qol sayəsində cavab oyunu ərəfəsində böyük üstünlük qazanıb - 2:0.
"Malaqa” evdə Almaniyada son 2 mövsümün çempionu olan "Borussiya” (Dormund) klubu ilə münasibətlərinə aydınlıq gətirib. "Malaqa” turnirin debütantı olsa da, qrup qalibi kimi pley-offa çıxıb. Dortmundlular isə finala doğru irəliləmək iddiasını sürdürərək, səfərdə də yaxşı təsir bağışlayırdılar. Matçda İspaniya klubu bu dəfə rəqibini məğlub etməsə də, yenə uduzmayıb. Gərgin mübarizə şəraitində keçən oyunda qalib müəyyənləşməyib. Görüş 0:0 hesablı heç-heçə ilə başa çatıb. "Malaqa”nın işi Almaniyada bir qədər çətin olacaq.
Azərbaycanlı futbolsevərlərin əsas diqqəti, Madridə yönəlmişdi. Çünki Türkiyənin turnirdə yeganə təmsilçisi olan "Qalatasaray” turnirin aşkar favoriti olan "Real” klubunun qonağı olub. "Cim-Bom” hazırda çox güclü olan "Real”a "Santyaqo Bernabeu”da qalib gəlmək və cavab oyunu üçün böyük üstünlük qazanmaq niyyətində idi. Lakin "Kral klubu” güclü olduğunu bir daha sübut edib. Belə ki, madridlilər əvvəlcə Ronaldu ilə hesabı açıb və qoldan 20 dəqiqə sonra isə Benzama ilə fərqi artırıb. Fasiləyə məğlub durumda yollanan İstanbul təmsilçisi ikinci hissədə yenə oyuna mərkəzdən başlamağa məcbur olub - 3:0. Beləliklə, "Real” cavab matçı öncəsi İstanbula böyük üstünlüklə yollanacaq.
UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, ilk oyunlar
2 aprel
PSJ (Fransa) - "Barselona” (İspaniya) - 2:2 (0:1)
Qollar: İbrahimoviç, 79; Matyuydi, 90 - Messi, 38; Xavi, 89 (pen.).
"Bavariya” (Almaniya) - "Yuventus” (İtaliya) - 2:0 (1:0)
Qollar: Alaba, 1; Müller, 63.
3 aprel
"Malaqa” (İspaniya) - "Borussiya” (Dortmund, Almaniya) - 0:0 (0:0)
"Real” (Madrid, İspaniya) - "Qalatasaray” (Türkiyə) - 3:0 (2:0)
Qollar: Ronaldo, 9, Benzema, 29, İquain, 73.