Ölkəmizdə 3x3 basketbolu üzrə beynəlxalq turnir keçirildi

Ölkəmizdə 3x3 basketbolu üzrə beynəlxalq turnir keçirildi

Aprelin 26-da "Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən 3x3 basketbolu üzrə "Pre EuroGames Baku 2015” beynəlxalq turnirinə yekun vuruldu. İki gün davam edən yarış Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı və "Samsung” şirkətinin dəstəyi ilə keçirildi. Avropa Oyunlarına hazırlıq xarakteri daşıyan turnirdə beş yerli və beş xarici komanda iştirak etdi. Gərgin mübarizə şəraitində keçən yarışın yarımfinal mərhələsinə Azərbaycanın "Qala”, NTD, Serbiyanın "Novı Sad” və Rumıniyanın "Buxarest” komandaları vəsiqə qazandılar. İlk yarımfinal mərhələsində NTD və "Novı Sad” komandaları qarşılaşdılar. Serbiya təmsilçilərinin aşkar üstünlüyü ilə keçən oyun 21:12 hesabı ilə yekunlaşdı. Turnirin digər yarımfinal qarşılaşmasında isə "Qala” komandası "Buxarest”lə üz-üzə gəldi. Komandamız Avropa çempionlarına ciddi müqavimət göstərsə də, görüşün sonunda daha təcrübəli balkan basketbolçuları 16:11 hesabı ilə qalib gəldilər. Maraqlı mübarizə şəraitində keçən turnirin final oyununda "Novı Sad” "Buxarest” komandasını 21:18 hesabı ilə məğlub edərək turnirin qalibi adını qazandı. Bununla da "Novı Sad” komandası iyulun 24-25-də keçiriləcək "Moskva Open 2015” turnirinə vəsiqə əldə etdi.
Turnir başa çatdıqdan sonra idmançı və mütəxəssislər yarışla bağlı fikirlərini "Olimpiya dünyası” qəzeti ilə bölüşdülər.




Elxan Əliyev, basketbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi:
- Komandalarımızın çıxışından razı qaldım. Turnirdə komandalarımız əsas heyətlə mübarizə aparmadılar. Buna səbəb isə əsas oyunçularımızın xarici komandaların heyətində çıxış etməsidir. Yarışda basketbolun 3x3 növü üzrə dünyanın ən güclü iki ölkəsini təmsil edən komandalar mübarizə aparırdılar. Fikrimcə, Avropa Oyunlarına az bir vaxt qaldığı təqdirdə belə beynəlxalq yarışın təşkili basketbolçularımızın təcrübə toplaması baxımından faydalı olacaq.
Qeyd edim ki, millimizin kapitanı Fuad Niftəliyev Azərbaycan çempionatında zədələndiyi üçün bu turnirdə iştirak etmirdi. Ümid edirəm ki, o, yaxın zamanda məşqlərə başlayacaq. Onu da qeyd edim ki, Fuad Niftəliyev Avropa Oyunlarında komandamızın heyətində iştirak edəcək. Fuadla yanaşı, Amil Həmzəyev də Bakı-2015-də komandamızın heyətində yer alacaq real namizədlərdən biridir. Digər iki idmançının adına isə may ayında aydınlıq gələcək.

Robert Riblinger, FİBA-Avropa basketbol 3x3 departamentinin meneceri:
- İlk növbədə yarış təşkilatçılarına minnətdarlığımı bildirmək istərdim. Turnir yüksək səviyyədə təşkil olunmuşdu. Oyunlar çox maraqlı və gərgin mübarizə şəraitində keçdi. İki Azərbaycan komandasının yarımfinala çıxması isə sevindirici bir hal idi. Oyunları diqqətlə müşahidə edirdim. Azərbaycan basketbolçuları arasında perspektivli idmançılar olduğunu gördüm. Düşünürəm ki, Avropa Oyunlarında Azərbaycan millisi daha yaxşı çıxış edib mükafatçılar sırasında yer ala biləcək. Bundan əlavə, turnir çərçivəsində Avropa Oyunlarında yarışları idarə edəcək hakimlər arasında seçimlər apardıq. Hələ ki ölkənizdən Oyunları idarə edəcək bir hakim seçilib. Daha bir hakimin də Azərbaycandan seçilmə ehtimalı var. Turnirin təşkilatçılıq səviyyəsini gördükdən sonra, bir hada əmin oldum ki, Azərbaycan ilk Avropa Oyunlarını yüksək səviyyədə keçirməyə qadirdir. İnanıram ki, tarixdə ilk dəfə Bakıda keçiriləcək Avropa Oyunları uzun müddət yaddaşlarda qalacaq.

Markos Saviç, "Novı Sad” komandasının üzvü:
- Yarışda komandalar arasında çox güclü rəqabət var idi. Turnir ərzində güclü komandalarla qarşılaşdıq. Xüsusən də Azərbaycan komandalarının oyununu qeyd etmək istərdim. Komandalarınızın hazırlqı səviyyəsi çox yüksəkdir. Düzünü desəm, Azərbaycan komandalarının belə səviyyədə oyun nümayiş etdirəcəyini gözləmirdim. Düşünürəm ki, Avropa Oyunlarında Azərbaycan millisi daha gözəl oyun göstərə biləcək. Serbiya yığmasının da Oyunlarda yüksək nəticə əldə edə biləcəyinə ümid edirəm. Bunun üçün uzun müddətdir, gərgin məşq edirik. Bizim üçün Avropa Oyunları digər yarışlardan daha üstündür. Məhz buna görə çalışacağıq ki, ölkəmizə qələbə ilə qayıdaq. Mən həm də Avropa Oyunlarında yığma komandamızın səfiri olacağam. Buna görə də bu yarış mənim üçün daha məsuliyyətli olacaq.