“Azərbaycanda ilk dəfədir ki, belə mükafat alıram”

“Azərbaycanda ilk dəfədir ki, belə mükafat alıram”


"Neftçi” klubu Topaz Premyer Liqasının son turunda səfərdə "İnter” komandası ilə qarşılaşdı. Birinci hissədə hesabda öndə olan "neftçilər” sonadək qələbə hesabını qoruya bildilər. Çempionatın bombardiri Nikolas Kanales bu dəfə də komandasının heyətində fərqlənə bilmədi. Fevral ayının ən yaxşı futbolçusu seçilən "Neftçi”nin hücumçusu Nikolas Kanalesin "Olimpiya dünyası” qəzetinə müsahibə verdi. Çilili hücumçu son vaxtlar qol vura bilməməsinə aydınlıq gətirdi.

- Buyaxınlarda Topaz Premyer Liqasında fevral ayının ən yaxşı futbolçusu seçildiniz. Belə bir mükafat alacağınızı gözləyirdinizmi?
- Şadam ki, məni ayın ən yaxşısı futbolçusu seçdilər. Mükafat almaq hər zaman xoşdur. Azərbaycanda ilk dəfədir ki, belə mükafat alıram. İnanıram ki, bu, sonuncu olmayacaq. Əlbəttə, bu, tək mənim uğurum deyil. Mükafat qazanmağımda komanda yoldaşlarımın əməyi danılmazdır.
- Əgər sorğu zamanı sizin fikrinizi öyrənsə idilər, kimin adını qeyd edərdiniz?
- Araz Abdullayevin adını çəkərdim. Çünki fevral ayında onun nümayiş etdirdiyi oyun çox xoşuma gəldi.
- Qış fasiləsindən sonra ilk 4 oyunda 5 qol vurdunuz. Amma son matçlarda bunu bacara bilmədiniz. Səbəbi nədir?


- Bunun səbəbini özüm də aydınlaşdıra bilmirəm. 90 dəqiqə oynadıq, ancaq qol vura bilmədim. Əsas odur ki, mən fərqlənə bilməsəm də, komandamız qələbə qazandı və çempionluğa doğru inamla addımlayır.
- Buna baxmayaraq, bombardirlər yarışında birinci pillədəsiniz...
- Bu haqda xüsusi olaraq düşünmürəm. Sadəcə, komandama uğur qazandırmaq üçün qollar vurmağa çalışıram. Amma çempionluqla yanaşı, bombardirliyə görə də mükafat almaq pis olmazdı.
- "Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev mətuata verdiyi müsahibəsində sizdən narazılıq edib. Son bir neçə oyunda meydanda Kanales adlı futbolçunu görmədiyini deyib və bununla bağlı sizinlə söhbət edəcəyini vurğulamışdı. Baş məşqçi ilə görüşünüz olubmu?
- Bəli, Böyükağa müəllimlə söhbətimiz oldu. Ola bilsin, psixoloji baxımdan hansısa problem yaransın. Ancaq onun mənə qarşı münasibəti heç vaxt pis olmayıb. Hətta qol vurmadığım oyunlardan sonra da. Onunla sadəcə, söhbət elədik.
- Ardıcıl oyunlarda qollar vurduğunuza görə sizdə arxayınçılıq yaranmayıb ki?
- Xeyr, qol vurmaq istəyirəm. Matç zamanı 10 imkanım olsa, hamısında qol vurmağa çalışaram. Artıq çempionatın final mərhələsi başlayır. Çempionatda arxayınlaşmağa imkan yoxdur.
- Sizcə, ilk "altılıq”da "Neftçi”yə qarşı qruplaşma ola bilər?
- Bütün komandalar bizimlə oyunlara xüsusi hazırlaşırlar. Belədə qruplaşma da istisna deyil. Fikrimcə, belə şeylər bizim çempionluğumuza mane ola bilməz.
- Çempionatda hansı komandaya qarşı oynamaq daha çətin olacaq?
- "Qarabağ”a qarşı oyun. Bu mövsüm də biz onlara iki dəfə məğlub olmuşuq. Amma kubok oyunlarını da nəzərə alsaq, Ağdam klubu ilə daha dörd oyunumuz olacaq. Yəni bu statistikanı xeyrimizə dəyişmək imkanımız var.
- Topaz Premyer Liqasının bombardirinin çıxışını Çilidə izləyirlərmi?
- Əlbəttə, izləyirlər. Hər oyundan sonra Çili mətbuatında məlumatlar yerləşdirilir.