AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Yığıncaqda Topaz Premyer Liqasının son turunda baş verənlərlə bağlı müvafiq qərarlar çıxarılıb.
Premyer Liqanın XXIV turunun "Xəzər Lənkəran” - AZAL matçının 72-ci dəqiqəsində qonaqların braziliyalı futbolçusu Aylton idmançıya yaraşmayan hərəkətə yol verdiyinə görə, ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu isə 200 manat cərimə olunub.
"İnter” - "Neftçi” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib. Ancaq bu oyunla bağlı cəzalar bununla bitməyib və qonaqlar da cəzasız qalmayıblar. Oyunun 28-ci dəqiqəsində "Neftçi”nin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün kluba 2000 manat cəza tətbiq olunub. Matçın 74-cü dəqiqəsində "Neftçi”nin yarımmüdafiəçisi Rəşad Sadiqov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün növbəti turu buraxacaq, klubu isə AFFA-nın xəzinəsinə 200 manat cərimə ödəməlidir.