Azərbaycan Basketbol Federasiyasının hesabat-seçki konfransı keçirilib

Azərbaycan Basketbol Federasiyasının hesabat-seçki konfransı keçirilib


Heydər Əliyev adına İdman-Konsert Kompleksinin konfrans zalında Azərbaycan Basketbol Federasiyasının (ABF) 2008-2012-ci illəri əhatə edən hesabat-seçki konfransı keçirilib. Konfransın gündəliyinə ABF-nın 2008-2012-ci illər üzrə hesabatı, federasiyanın rəyasət heyətinin və Nəzarət-Təftiş Komissiyasının üzvlərinin federasiya prezidenti, baş katibi və vitse-prezidentin seçilməsi məsələləri salınıb. Hesabat məruzəsi ilə çıxış edən baş katib Qəhrəman Məmmədyarov ABF-nın fəaliyyətini ümumillikdə məqbul sayıb. O, komandamızın 2008-ci ildə Şotlandiyada keçirilən "C” divizionunda I yer tutmasını, 2010-2012-ci illərdə Avropa çempionatının seçmə oyunlarında 9 qələbə qazanmasını, FİBA hakim korpusuna iki hakimimizin daxil edilməsini, Heydər Əliyev adına İdman-Konsert Kompleksində 2008-ci ildən fəaliyyət göstərən Basketbol Mərkəzinin yaradılmasını, federasiyanın basketbolun inkişafı naminə görüdüyü işləri yüksək qiymətləndirib. Qeyd olunub ki, FİBA, Avropa, Türkiyə, Litva və Gürcüstan basketbol federasiyaları ilə həyata keçirilən faydalı əməkdaşlıq Azərbaycan basketbolunun dünya miqyasında tanınmasına kömək edib. Baş katib qeyd edib ki, basketbolun 3X3 növünün respublikamızda geniş yayılması bu elit idman növünə gənc və yeniyetmələrin kütləvi axınını təmin edəcək. Konfransda FİBA hakimi Ələkbər Həsənov, məşqçilər Rizvan Səfərov, Şəhriyar Əsgərov, Teymur Qafarov, Fuad Niftaliyev, Elxan Ağayev, Elxan Əliyev, "Qala-Atena”nın oyunçusu Emin Cəfərov çıxış ediblər. Onlar basketbolun inkişafı naminə ABF-nin gördüyü faydalı işləri qeyd edərək, basketbolumuzda mövcüd olan bir sira problemlərə də toxunublar. Kofransda Azərbaycan Basketbol Federasiyasının 2008-2012-ci illəri əhatə edən fəaliyyəti qənaətbəxş qiymətləndirilib. Sonra rəyasət heyətinin və Nəzarət-Təftiş Komissiyasının yeni tərkibi təsdiq edilib. Konfrans iştirakçıları yekdilliklə növbəti dörd ilə Nadir Nəsibovu federasiyanın prezidenti vəzifəsinə seçiblər. Daha sonra ABF-nin 12 nəfərdən ibarət yeni rəyasət heyətinin tərkibi səsə qoyularaq müəyyənləşdirilib. Hakimlər Kollegiyasının sədri Ələkbər Həsənovun təklifi ilə Rimas Kurtinaytis ABF-nin rəyasət heyətinin fəxri üzvü seçilib.