İsmayıllı məktəbliləri rəqiblərini üstələdilər

İsmayıllı məktəbliləri rəqiblərini üstələdilər


İsmayıllıda məktəblilər arasında velosiped üzrə "Məktəbli kuboku” yarışı keçirilib. Azərbaycan Velosiped İdmanı Federasiyası və İsmayıllı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda hər birinin tərkibində 4 velosipedçi olmaqla 40 komanda mübarizə aparıb.
Reqlamentə görə, kollektivlər Heydər Əliyev Mərkəzinin qarşısından start götürməklə, 1 km-lik marşrut boyunca estafet sistemi üzrə yarışıblar. Yarışın yekun nəticəsinə görə, İsmayıllı Olimpiya İdman Kompleksinin komandası bütün rəqiblərini üstələyərək birinci olub. Rayonun 2 saylı orta məktəbinin komandası gümüş, 1 saylı orta məktəbin kollektivi isə bürünc medalla kifayətlənib.
Qalib komandalar Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən pul mükafatı, kubok, medal və diplomla təltif olunublar. Qeyd edək ki, ötən ilin dekabr ayından etibarən müxtəlif rayonlarda təşkil olunan "Məktəbli kuboku” turnirləri bu ilin payızında keçiriləcək ümumrespublika "Məktəbli kuboku” turnirinə hazırlıq xarakteri daşıyır.