“Neftçi” rəqibləri ilə xal fərqini yenidən artırdı

“Neftçi” rəqibləri ilə xal fərqini yenidən artırdı


Gəncəlilər isə
çempionatdan gedirlər

Ötən həftə Topaz Premyer Liqasında XXVI turuna yekun vurulub. 3 gün ərzində keçirilən turda maraqlı nəticələr qeydə alınıb.

Birinci oyun günü yalnız bir oyun keçirilib. "Altılıq”da 100 faizli nəticə göstərən yeganə komanda olan "Rəvan” ardıcıl 4-cü qələbəsini qazanıb. Belə ki, "aslanlar " Bayıl qəsəbəsində keçirilən oyunda "Kəpəz”i qəbul edib. Tərəflərin "Bayıl Arena”da keçirilən ilk qarşılaşmasında gəncəlilər meydan sahiblərinə gözlənilmədən qalib gəlsələr də, (2:1), paytaxt klubu həmin məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb. Qələbə "Rəvan”ın, birgünlük də olsa, "Xəzər Lənkəran”ı arxada qoyaraq 8-ci pilləyə yüksəlməsinə gətirib çıxarıb. 3:0 hesabı ilə qələbə qazanan "Rəvan” "Kəpəz”in rəsmən Topaz Premyer Liqasını vaxtından əvvəl tərk etməsinə səbəbkar olub. Belə ki, qarşıdakı 6 tur artıq Gəncə təmsilçisi üçün formal xarakter daşıyacaq.
İkinci oyun günü 4 qarşılaşma təşkil edilib. Günün ilk oyununa Qəbələdə start verilib. Turnir cədvəlinin qonşu pillələrində qərarlaşan "Qəbələ” və "Bakı” komandalarına 3 xal lazım olsa da, tərəflər heç-heçə ilə kifayətləniblər. Halbuki FİFA referisi Anar Salmanovun şübhəli qərarına kimi, "Qəbələ” hesabda öndə idi. Rauf Əliyevin isə mövsümdə ilk qolu 11 metrlik cərimə zərbəsindən olub.
Bununla belə, tərəflər avrokuboklara düşmək üçün gözlərini dikdiyi 4-cü yer ümidlərini qoruyub saxlayırlar. Çünki "Simurq” yenə çempionatda "Neftçi”ni məğlub edə bilməyib. Baxmayaraq ki, son çempion Zaqatalaya baş məşqçi Böyükağa Hacıyev və mərkəz müdafiəçisi İqor Mitreskinin yoxluğunda yollanmışdı. Bu qələbə "Neftçi”nin yenidən ən yaxın izləyicisindən aralanmasına səbəb olub. Matçın taleyini bir qol həll edib. Yeganə qolu oyunun 50-ci dəqiqəsində Julius Vobay vurub.

Turun mərkəzi görüşü isə Tofiq Bəhramov adına Respublika stadionunda olub. "Mərkəzi görüş”, adına uyğun olaraq, maraqlı mübarizə şəraitində keçib. "Qarabağ” hesabda 2 dəfə öndə olsa da, "İnter” ikinci hissədə qısa müddətə tarazlığı bərpa edib. Ancaq "Qarabağ”ın son transferi olan Emeka Opara zəif təsir bağışlayan gürcü qapıçı Revaz Tevdoradzeni məyus edərək yeni komandasında ilk qoluna imza atıb. Nigeriyalı hücumçunun qolu "Qarabağ”ı 2-ci pilləyə yüksəldib.
İkinci "altılıq”da isə bir oyun təşkil olunub. "Xəzər Lənkəran”ın uelsli baş məşqçisi Con Toşakın 2-ci Mərdəkan səfəri uğursuz alınıb. Ötən tur "Kəpəz”i "Dalğa Arena”da məğlub etməyi bacaran cənublular bu dəfə digər autsayderlə - "Turan”la bacarmayıb. Oyunda 4 qol vurulub. Hərəyə 2 dəfə fərqlənən komandalar stadionu 1 xalla tərk ediblər. Beləliklə, "Xəzər Lənkəran” 8-ci pilləni "Rəvan”ın əlindən ala bilməyib.
Son oyun günü tura bir oyunla yekun vurulub. Qarşılaşmada ikinci "altılıq”da mübarizə aparan komandalar münasibətlərinə aydınlıq gətiriblər. "Sumqayıt” son 4 oyunda məğlub olmadığı AZAL-ı qonaq edib. Görüşdə daha yaxşı təsir başlayan "təyyarəçilər” erkən qolla hesabı açıb. Matçın ilk yarım saatının tamamında isə sumqayıtlılar ikinci dəfə oyuna mərkəzdən başlamağa məcbur olublar. Fasiləyə məğlub durumda yollanan Bernhard Raabın yetirmələri ikinci hissədə oyunda dönüş yarada bilməyiblər və qarşılaşma AZAL-ın qələbəsi ilə nəticələnib - 0:2.

Topaz Premyer Liqası
XXVI tur
1-6-cı yerlər uğrunda
13 aprel
"Simurq” - "Neftçi” - 0:1
Qol: Julius Vobay, 50.
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.
Təsnifat mərhələsindəki oyunlar - 1:2, 0:2

"Qarabağ” - "İnter” - 3:2
Qollar: Maksim Medvedev, 25; Vüqar Nadirov, 46; Emeka Opara, 79 - Yuri Fomenko, 54; Fuad Bayramov, 57.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Təsnifat mərhələsindəki oyunlar - 1:1, 0:0

"Qəbələ” - "Bakı” - 1:1
Qollar: Viktor Mendi, 30 - Rauf Əliyev, 90+3 (pen.).
Qəbələ. Şəhər stadionu.
Təsnifat mərhələsindəki oyunlar - 1:1, 0:2

7-12-ci yerlər uğrunda
12 aprel
"Rəvan” - "Kəpəz” - 3:0
Qol: Xuan Manuel Varea, 44, 55; Tofiq Mikayılov, 58.
Bakı. "Bayıl Arena” stadionu.
Təsnifat mərhələsindəki oyunlar - 1:2, 2:0

13 aprel
"Turan” - "Xəzər Lənkəran” - 2:2
Qollar: Antonio Rukavina, 22; Endər Günlü, 69 - Elnur Abdullayev, 42; Robert Alvij, 65 (pen.).
Bakı. "Dalğa Arena” stadionu.
Təsnifat mərhələsindəki oyunlar - 2:1, 2:4

14 aprel
"Sumqayıt” - AZAL - 0:2
Qollar: Tağızadə, 6, Nildo, 30
Bakı. "Bayıl Arena” stadionu.
Təsnifat mərhələsindəki oyunlar - 2:2, 1:1