Yığmamız 4 pillə gerilədi

Yığmamız 4 pillə gerilədi

FİFA milli komandaların aprel ayı üçün növbəti reytinq cədvəlini açıqlayıb. 2013-cü ildə açıqlanan dördüncü cədvəlin ilk 3 pilləsində dəyişiklik olmayıb.

Turnir cədvəlinə son dünya və Avropa çempionu İspaniya yığması başçılıq edir. İspanların aktivində 1538 xal var. 2-ci pillədə 4 dəfə dünya çempionu olan Almaniya yığması qərarlaşıb. Almanlar liderdən nə az, nə də çox, düz 110 xal geri qalmaqla bu pillədədirlər (1428 xal). İlk "üçlüy”ü Argentina millisi tamamlayır. Argentinalıların aktivində 1292 xal var.
İlk "onluq”da 5 pillə irəliləyən Xorvatiya (1191 xal), 2 pillə irəliləyən Portuqaliya (1163 xal), mövqeyini qoruyan Kolumbiya (1154 xal), 3 pillə geriləyən İngiltərə (1135 xal) ilə İtaliya (1117 xal), 1 pillə geriləyən Hollandiya (1093 xal) və 1 pillə irəliləyən Ekvador (1056 xal) komandaları yer alıblar. Maraqlıdır ki, 5 qat dünya çempionu Braziliya milli komandası 1 pillə geriləyərək reytinqdə 19-cu pilləyə enib.

Azərbaycan milli komandası, ötən reytinqlə müqayisədə, 4 pillə geriləyib. Hazırda Berti Foqtsun yetirmələri 276 xalla 120-ci pillədə qərarlaşıblar. Qeyd edək ki, milli komandamız ötən ay reytinq müddətinə düşən vaxtda 2 oyun keçirib. DÇ-2014-ün seçmə mərhələsində Lüksemburq millisi ilə səfərdə qolsuz heç-heçə edən yığmamız Bakıda Portuqaliya komandasına 0:2 hesabı ilə məğlub olub. Yığmamız UEFA-nın reytinq cədvəlində 44-cü yerdədir.
DÇ-2014-ün seçmə mərhələsində yığma komandamızın da yer aldığı F qrupunun favoriti sayılan Portuqaliya millisi, bayaq dediyimiz kimi, 2 pillə irəliləyib. Priney təmsilçisi 1163 xalla 5-ci yerdədir. Rusiya yığması isə 10-cu pillədəki mövqeyini itirib. Qonşu ölkə təmsilçisi 1 pillə geriləyərək 1052 xalla 11-ci yerdə qərarlaşıb.
Digər rəqibimiz İsrail yığması ən böyük yüksəlişə nail olub. Bu komanda 16 pillə irəliləyib. Adıçəkilən komanda 536 xalla 58-ci yerə qalxıb. Şimali İrlandiya yığması isə 22 pillə geriləməsi ilə diqqət mərkəzinə düşüb. Böyük Britaniya təmsilçisi 285 xalla 119-cu yerə enib. Əvəzində, Lüksemburq millisi qrupun reytinqdəki autsayderi olub. Ötən ayla müqayisədə 4 pillə irəliləyən Lüksemburq 182 xalla siyahıda 147-ci olub. Türkiyə millisi də irəliləyənlər sırasındadır. Qardaş ölkənin təmsilçisi 634 xalla 44-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, növbəti reytinq cədvəli mayın 9-da açıqlanacaq.

1 (1). İspaniya 1538
2 (2). Almaniya 1428
3 (3). Argentina 1292
4 (9). Xorvatiya 1191
5 (7). Portuqaliya 1163
6 (6). Kolumbiya 1154
7 (4). İngiltərə 1135
8 (5). İtaliya 1117
9 (8). Hollandiya 1093
10 (11). Ekvador 1056
11 (10). Rusiya 1052
12 (13). Kot-D İvuar 1008
13 (12). Yunanıstan 986
14 (15). Meksika 971
15 (14). İsveçrə 967
16 (19). Belçika 953
17 (16). Uruqvay 932
18 (17). Fransa 914
19 (18). Braziliya 909
20 (25). Danimarka 883
...58 (74). İsrail 536
...119 (97). Şimali İrlandiya 285
120 (116). AZƏRBAYCAN 276
...147 (151). Lüksemburq 182