Ötən həftə UEFA Avropa Liqasında (AL) yarımfinal mərhələsinin püşkü atılıb. Türkiyə təmsilçisi "Fənərbaxça”nın bəxtinə Portuqaliyanın "Benfika” klubu düşüb.
Püşkün nəticəsini istanbullular üçün normal saymaq olar. Mütəxəssislər hər iki komandanın şanslarının bərabər olduğunu vurğulayırlar. Püşkə əsasən, türkiyəlilər Lissabon komandası ilə ilk oyunda meydan sahibi olacaqlar. Qeyd edək ki, "Fənərbaxça” 38 ilin qisasını almaq imkanı əldə edib. Turnirin 1/2 final mərhələsində Portuqaliyanın "Benfika” klubu ilə üz-üzə gələcək İstanbul təmsilçisi tarixində 2-ci dəfə lissabonlularla qarşılaşacaq. 1975-ci il sentyabrın 17-də təşkil olunan Çempionlar kubokunun oyununda "Benfika” istanbullu rəqibini böyük hesabla məğlub etmişdi - 7:0. Türkiyəlilər oktyabrın 1-dəki cavab oyununda 1:0 hesabı ilə qalib gəlsə də, bu təsəllidən başqa bir şey deyildi. "Fənərbaxça” indi həmin - 38 il əvvəlki məğlubiyyətin qisasını almağa çalışacaq.
Avroliqanın qalibi olmağa iddialı "Çelsi”nin də püşkatmada bəxti gətirib. İngilislər bünasib rəqib - İsveçrənin "Bazel” komandası ilə münasibətlərinə aydınlıq gətirəcək.
Məlumat üçün bildirək ki, Avropa Liqasının yarımfinal mərhələsinə yüksələn 4 komandadan ikisi bu uğura ilk dəfə nail olub. Türkiyənin "Fənərbaxça” və İsveçrənin "Bazel” klubları indiyədək heç vaxt belə uğur qazanmamışdı. Yarımfinal mərhələsinin debütantlarının hər ikisi üçüncü cəhddən ilkə imza atıb. Belə ki, bunadək həm türkiyəlilər, həm də isveçrəlilər 2 dəfə 1/4 finalda mübarizəni dayandırmışdılar.
"Fənərbaxça” 1964-cü ildə Kuboklar Kuboku, 2008-ci ildə Çempionlar Liqasında yarımfinalın 1 addımlığında "büdrəmişdi”. "Bazel” isə 1974-cü ildə Çempionlar Kuboku, 2006-cı ildə isə UEFA kubokunda 1/4 finaladək irəliləmişdi. Digər yarımfinalçılardan Portuqaliyanın "Benfika” klubu 13-cü, İngiltərənin "Çelsi” komandası 12-ci dəfə finalın 1 addımlığınadək irəliləyiblər.
Qeyd edək ki, turnirin yarımfinal oyunları aprelin 25-də və mayın 2-də, final matçı isə mayın 15-də Hollandiyadakı "Amsterdam Arena”da keçiriləcək.
UEFA Avropa Liqası
1/2 final mərhələsi
"Fənərbaxça” (Türkiyə) - "Benfika” (Portuqaliya)
"Bazel” (İsveçrə) - "Çelsi” (İngiltərə)