Aprelin 12-də Avropanın ən nüfuzlu klub turniri sayılan UEFA Çempionlar Liqasında (ÇL) 1/2 final mərhələsinin püşkatma mərasimi keçirilib. İsveçrənin Nyon şəhərində təşkil edilən tədbirdə finalın bir addımlığında qarşılaşacaq rəqiblər müəyyənləşib.
Mərasimdə UEFA-nın birinci katibi Canni İnfantino, yarış direktoru Corcio Marketti və Hollandiya yığmasının futbolçusu Ruud van Nistelroy iştirak ediblər. Onlar Avropanın 4 ən güclüsü - İspaniya və Almaniyanın hərəsinin 2 təmsilçisini cütlərə ayırıblar.
Püşkün nəticələrinə əsasən, yarımfinalda 2 ölkə təmsilçilərinin qarşılaşması olacaq. İlk oyunlara almaniyalılar, cavab matçlarında isə pireneylilər meydan sahibi kimi çıxacaqlar. Bir həftədən sonra keçiriləcək ilk matçlarda "Bavariya” "Barselona”nı, "Borussiya” (Dortmund) isə "Real”ı qəbul edəcək. Qrup mərhələsində də üz-üzə gələn sonuncular cari mövsümdəki qarşılaşmalarının sayını 4-ə çatdırmış olacaqlar.
Püşkatma zamanı final oyununun meydan sahibinin kimliyinə də aydınlıq gəlib. İngiltərənin paytaxtı Londondakı "Uembli” stadionunda təşkil olunacaq qarşılaşmada nominal meydan sahibi "Borussiya” - "Real” cütünün qalibi olacaq.
Məlumat üçün bildirək ki, avrokuboklar tarixində adıçəkilən ölkələrin komandaları ümumilikdə 250 dəfə üz-üzə gəliblər. 11 metrlik cərimə zərbələri seriyalarını nəzərə alınmamaqla, bu qarşılaşmalarda İspaniya təmsilçiləri 104, almaniyalılar 82 qələbə qazanıblar. Digər 64 görüş heç-heçə başa çatıb. Bu matçlardakı top fərqində ispaniyalılar öndədir - 357:320.
Bu dəfə qarşılaşacaq cütlərin qarşılaşmalarına gəlincə, hər iki yarımfinal oyunundakı komandalar 6 dəfə üz-üzə gəliblər. "Bavariya” "Barselona”, "Borussiya” "Real”la 6 avrokubok matçında görüşüb. Bu qarşıdurmaların birində ispaniyalılar, digərində almaniyalılar öndədir.
"Bavariya” indiyədək 3 dəfə "Barselona”ya qalib gəlib. 2 dəfə heç-heçə edib və yalnız 1 dəfə uduzub. Almaniyalılar top fərqində geridədirlər - 8:9. Bu da kataloniyalıların yeganə qələbəsinin böyük hesablı olmasından irəli gəlir.
Qeyd edək ki, ÇL-in yarımfinalında ilk görüşlər aprelin 23-24-ü, cavab oyunları həmin ayın 30 və mayın 1-də keçiriləcək.
UEFA Çempionlar
Liqası
1/2 final mərhələsi
"Bavariya” (Almaniya) - "Barselona” (İspaniya)
"Borussiya” (Dortmund, Almaniya) - "Real” (İspaniya)