Aprelin 13-də Bakı Dövlət Universitetində (BDU) ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə universitetin 17 fakültəsinin və xarici tələbələrdən ibarət komandanın iştirakı ilə futbol yarışının açılış mərasimi keçirilib.
Mərasimdə universitetin rektoru, akademik Abel Məhərrəmov bu ali təhsil müəssisəsində başlanan futbol turnirinin may ayının əvvəllərində yekunlaşacağını və qaliblərə qiymətli hədiyyələrin veriləcəyini söyləyib. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar universitetdə bir neçə idman növü üzrə yarışlara start verilib. Bundan əvvəl müəllimlər arasında şahmat çempionatı başlanılıb.
Şahmat üzrə yarışlarda BDU-nun 17 fakültəsindən seçilən əməkdaşlar, müəllim və professorlar iştirak edəcəklər. Yarışların nəticələrinə əsasən, I, II və III yerləri tutanlar mükafatlandırılacaqlar.
Universitetdə yubileylə əlaqədar bir neçə mühüm tədbirlər planlaşdırılıb. Bu sıraya elmi konfranslar, simpoziumlar, müsabiqələr, eləcə də bir neçə yeni istifadəyə verilən laboratoriya, kafedraların açılışı daxildir. Kütləvi idman növlərinin - futbol, voleybol, şahmat və s. idman növləri üzrə yarışlara xüsusi önəm verilir. Abel Məhərrəmov son illər idmanın bütün sahələrinin sürətli inkişafından, yeni-yeni idman qurğuları, Olimpiya komplekslərinin istifadəyə verilməsindən, Sidney, Afina, Pekin, London Yay Olimpiya Oyunlarında idmançılarımızın Azərbaycanı ləyaqətlə təmsil etməsindən də danışaraq, bu uğurları Prezident İlham Əliyevin rəhbərliyi altında görülən böyük işlərin nəticəsi kimi xarakterizə edib.