Federasiya Kubokunun qalibləri müəyyənləşib

Federasiya Kubokunun qalibləri müəyyənləşib


Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə Dağ Velosipedi Parkında açıq Federasiya Kubokunun sonuncu - 3-cü mərhələsi keçirilib. Yarışda peşəkar idmançılarla yanaşı, həvəskar dağ velosipedçiləri də iştirak ediblər.
Elit, U-23 və gənclər kateqoriyasında mübarizə aparan iştirakçılar 2.1 km-lik marşrut boyunca 7, U-17 yaş qrupunda çıxış edən velosipedçilər isə 3 dövrə vurublar. Ümumilikdə 50-dən artıq idmançının iştirak etdiyi yarış gərgin mübarizə şəraitində keçib.
Mərhələnin qaliblərinə gəlincə, 15 yaşlı velosipedçilər arasında İxtisaslaşdırılmış Uşaq-Gənclər Məktəbinin nümayəndəsi Qadir Mustafayev finiş xəttini birinci keçib. Amma 3 mərhələnin yekununa əsasən, onun komanda yoldaşı Osman Qəhrəmanov Federasiya Kubokunun qalibi adını qazanıb. "Lokomotiv" klubunun təmsilçisi Musa Mikayılzadə də mərhələni qalib kimi başa vursa da, yekunda birinci olmağı bacarmayıb. Həmin yaş qrupunda İxtisaslaşdırılmış Uşaq-Gənclər Məktəbinin velosipedçisi Samir Şıxəlizadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Elit, U-23 və gənclər kateqoryasında isə İxtisaslaşdırılmış Uşaq-Gənclər Məktəbindən Aqşin İsmayılov bu mərhələdə hamıdan güclü olub. Amma Federasiya Kubokuna adıçəkilən məktəbin digər yetirməsi, 3 mərhələnin yekununa görə qalid adını qazanan Orxan Məmmədov sahib olub.
Yarışda fərqlənənlər medal, diplom, kubok və pul mükafaı ilə təltif ediliblər.