Kikboksçularımızın KİV nümayəndələri ilə görüşü keçirildi

Kikboksçularımızın KİV nümayəndələri ilə görüşü keçirildi


Xəbər verdiyimiz kimi, Serbiyanın paytaxtı Belqradda kikboksinqin WAKO versiyası üzrə dünya çempionatında mübarizə aparan idmançılarımız uğurlu nəticələr əldə ediblər. Azərbaycan kikboksçuları arasında fəxri kürsünün ən yüksək pilləsinə 54 kiloqram çəki dərəcəsində mübarizə aparan Elşad Ələsgərov qalxıb. O, K-1 növü üzrə döyüşlərdə qızıl medala layiq görülüb. Ramal Aslanov (61 kq, loukik), Anar Məmmədov (91 kq, K-1) və Ehram Məcidov (94 kq-dan yuxarı, kik-layt) gümüş medal qazanıblar. Çingiz Əhmədzadə (51 kq, K-1), Ramiz Məmmədov (54 kq, loukik) və Zöhrab Əzimov (60 kq, loukik) isə üçüncü yeri tutublar. Noyabrın 4-də dünya çempionatında çıxış edən komandamızla media nümayəndələrinin görüşü təşkil olunub. Görüşdə iştirak edən yığma komandamızın baş məşqçisi Elşən Əbdülrəhmanov bildirib ki, iki ildən bir keçirilən kikboksinqin WAKO versiyası üzrə dünya çempionatından ölkəmizə qızıl medal son dəfə 2009-cu ildə gəlib. O qeyd edib ki, altı ildir ki, Azərbaycan idmançıları bu versiyada qızıl medal qazana bilmirdilər. "Sevindirici haldır ki, idmançılarımız bu yarışdan 7 medalla qayıtdılar. Bunlardan 1-i qızıl, 3-ü gümüş, 3-ü isə bürünc medaldır. 24 idmançımızın hamısı qənaətbəxş çıxış etdilər. Beş idmançımız 1/4 finalda rəqiblərinə bərabər döyüşlərdə məğlub oldular. Qızıl medalı Elşad Ələsgərov qazandı. Yeniyetmələr və gənclərdən ibarət yığma komandanın baş məşqçisi Ehram Məcidov kik-layt növü üzrə yarışda gümüş medala layiq görüldü”, - deyə Elşən Əbdülrəhmanov vurğulayıb.
Yeniyetmələr və gənclərdən ibarət yığma komandanın baş məşqçisi Ehram Məcidov dörd ildən sonra yenidən döyüşlərə qayıtdığını və zədəli olmasına baxmayaraq, dünya çempionatında kik-layt növü üzrə gümüş medal qazandığını deyib. O, yetirmələrinin çıxışından razı qaldığını qeyd edib. Dünya çempionu Elşad Ələsgərov kikboksinqin K-1 versiyası üzrə dünya çempionatında indiyədək ölkəmizdən heç kimin qızıl medal qazanmadığını, bu nailiyyətlə tarix yazdığını bildirib. O, uzunboylu, güclü rəqiblərlə döyüşməsinə baxmayaraq, bu versiyada qızıl medal qazanan ilk idmançı olduğuna görə sevindiyini söyləyib.
Sonra yığmamızın digər üzvləri çıxışları barədə danışıblar.