Yarışlar zamanı törədilən terror aktları

Yarışlar zamanı törədilən terror aktları


Boston (ABŞ) marafonunda terrorçuların törətdiyi partlayış bütün dünyada narahatlıq yaradıb. İnsanlar belə faciələrin qarşısının alınacağını səbirsizliklə gözləyirlər.
Xatırladaq ki, aprelin 19-da Bostonda keçirilən marafonda terror aktı törədilib. Partlayış zamanı 3 nəfər həyatını itirib, 183 nəfər isə yaralanıb. Son məlumatlara görə, yaralılardan 23-nin vəziyyəti ağırdır.

Əlbəttə, Bostonda törədilinə terror aktı idmançıların və azakeşlərin həlak olduğu ilk qanlı hadisə deyil. Buna qədər də müxtəlif ölkələrdə və müxtəlif vaxtlarda qanlı hadisələr törədilib. İdmançıların və azarkeşlərin ölümünə səbəb olan 5 ən dəhşətli terror aktını oxuculara təqdim edirik.

1. "Qara sentyabr”
olimpiadanı qana buladı

1972- ci ildə Münhendə keçirilən Olimpiya oyunları acı xatirələrlə yaddaşlarda qalıb. Fələstinin "Qara sentyabr” adlandırılan terror təşkilatının üzvləri sentyabrın 4-də gecə saatlarında hotelə girərək İsrail yığmasının üzvlərini girov götürüblər. Ertəsi gün terrorçular girovlarla birlikdə hava limanına yollanaraq Almaniyanı tərk etməyə çalışıblar. Almaniyanın xüsusi təyinatlı dəstəsi uçuş zolağında əməliyyat həyata keçirərək girovları azad etməyə cəhd göstərib. Təəssüf ki, əməliyyat uğursuz olub. Belə ki, müqavimətə rast gələn terrorçular israilli idmançılardan 11-ni öldürüblər. Atışma zamanı 1 polis güllələnib.

2. Stadionda partlayış

1995-ci il oktyabrın 15-də Ukraynanın Donetsk şəhər stadionunda partlayış törədilib. Həmin vaxt bu stadionda "Şaxtyor” və "Tavriya” komandalarının oyunu keçirilirdi. Tribunadan qarşılaşmanı izləyən minlərlə azarkeşdən heç biri xəsarət almayıb. Partlayışın baş verdiyi yerdə isə 6 adam həyatını itirib. Ölənlərdən biri Donetsk şəhərində fəaliyyət göstərən "Lüks” firmasının direktoru, digərləri isə onun qohumları olub. Partlayış nəticəsində yaxınlıqdakı bufetin satıcısı da yaralanıb. İstantaq zamanı məlum olub ki, partayış məhz "Lüks” firmasının direktorunu öldürmək üçün törədilib.



3. Məsuliyyətsizlikdən
baş verən faciə

1968-ci il may ayının 25-də Kirov şəhərinin (Moskva vilayəti) "Əmək ehtiyatları” stadionunda partlayış olub. Stadionda təşkil olunan "Dünyada bir Moskva var” adlı tamaşaya baxmağa gələn insanlardan 39-u dünyasını dəyişib. Araşdırmalar zamanı məlum olub ki, bu insanın ölümünə səbəb olan partlayış stadion rəhbərliyinin məsuliyyətsizliyi üzündən baş verib. Sən demə, stadionun zirzəmisində 900 kq barıt və 200 kq güllə mərmisi saxlanılırmış. Texniki təhlükəsizlik qaydalarına uyğun şəkildə saxlanılmayan barıt elektrik naqilində baş verən qısa qapanmadan alovlanıb və stadionda faciə yaşanıb.

4. "Əl-Vatba” bir oyunçusunu itirib

Suriyanın paytaxtı Dəməşqdə stadionların birinə 2 ədəd minaatan mərmisi düşüb. Həmin vaxt burada məşq edən "Əl-Vatba” futbol komandasının bir oyunçusu həyatını itirib. Bir neçə futbolçu isə ağır yaralanıb. Hadisə bu il fevralın 20-də baş verib.

5. Kamikadze özü ilə bərabər beş adam öldürüb

2013-cü il mart ayının 13-də Əfqanıstanda idman yarışı zamanı partlayış törədilib. Bu dəfə faciəyə kamikadze səbəb olub. Belə ki, buzkaşi (əfqanların at üstündə oynadıqları milli oyun) üzrə birincilik yarışının keçirildiyi stadiona gələn kamikadze bədəninə bağladığı partladıcı qurğunu işə salıb. Nəticədə, 5 adam həlak olub, 10 nəfər isə yaralanıb.