Yeni sistem quraşdırılacaq

Yeni sistem quraşdırılacaq


Futbolda oyun zamanı vurulan qolun avtomatik qeydə alma sistemi olan "Hawk-Eye” İngiltərə Premyer Liqasının klublarının bütün stadionlarında, həmçinin "Uembli”də quraşdırılacaq. Premyer Liqanın səhmdarlarının toplantısında yeni sistemin növbəti mövsümdən tətbiqinə qərar verilib. Hər klub sistemin quraşdırılması üçün 30-50 min funt sterlinq və bir il ərzində onun istismarına görə təxminən 85 min funt sterlinq ödəyəcək.
Yaxın zamanda Premyer Liqada sözügedən sistemin istifadəsi üçün 5 il müddətinə 10 milyon funt sterlinq dəyərində rəsmi müqavilə bağlanacaq.



"Mançester Yunayted”in müdafiəçisi Rio Ferdinand 2013/14 mövsümündə Premyer Liqanın oyunlarında qolun qeydə alınması sistemindən istifadə barədə qərarı şərh edib. O, Twitter səhifəsində belə yazıb: "Qolun qeydə alınması sistemi ilə bağlı son qərar verildi. Qəzetlərdə, pablardakı mübahisələrsiz, dostlarla müzakirələrsiz nə edəcəyik. Bunun üçün darıxacağıqmı?”.
Qeyd edək ki, İspaniya La Liqasının rəhbərliyi də qolun müəyyənləşdirməsi sistemindən istifadənin mümkünlüyünü nəzərdən keçirir. Bu barədə danışan liqanın direktoru Fransisko Roka deyib: "Qolun qeydə alınması texnologiyasından istifadənin tərafdarıyıq. Amma İngiltərə Premyer Liqası kimi, bu işə tez başlamaq fikrində deyilik. Texnologiyadan istifadəyə yaxın iki-üç ildə başlaya bilərik”.