"Real”ın hücumçusu Kriştianu Ronaldo klubda növbəti məhsuldarlıq rekordu müəyyənləşdirib. 
Portuqaliyalı Madrid klubunun heyətində üç mövsüm İspaniya çempionatında 30 və daha artıq qol vuran ilk futbolçu olub. "Real”ın rəsmi saytının məlumatına görə, Ronaldo La Liqanın ötən turunda "Atletik”lə oyunda (3:0) dubl etməklə bu rekorda imza atıb.
Ötən mövsüm Ronaldo La Liqada 46, ondan əvvəl isə 40 dəfə fərqlənmişdi.
Əvvəllər yalnız iki futbolçu "Real”ın heyətində bir mövsümdə 30 və daha artıq qol vura bilib. Bu, iki dəfə Uqo Sançesə (1986/87 mövsümündə 34 və 1989/90 mövsümündə 38 qol) və bir dəfə də Alfredo Di Stefanoya (1956/57 mövsümündə 31 qol) müəssər olub.