"Bakı” və "Qəbələ” isə medalsız qaldılar
Ötən həftə Topaz Premyer Liqasında XXVII turun oyunları keçirilib. Nəzərdə tutulan 6 oyundan 5-i paytaxtda təşkil olunub. Turnir cədvəlində lider olan komandalar 3 xalla azarkeşlərini sevindiriblər.
İlk oyun günündə iki görüş keçirilib. "Altılıq”da birinci dövrənin son turu 7-12-ci yerlər uğrunda mübarizə aparan komandaların oyunları ilə başlayıb. Turun açılış matçında "Kəpəz” "Turan” komandası ilə üz-üzə gəlib. Stadionları təmirdə olduğundan, bu klublar ilk dəfə Bakıda qarşılaşıblar. Gəncə təmsilçisi hələ bir neçə tur əvvəlcədən çempionatla vidalaşdığından, keçirilən oyun onlar üçün əhəmiyyətli deyildi. Tovuz klubu isə hələ şansı qaldığından, mütləq qalib gəlmək fikrində idi. Gözlənildiyi kimi, "Turan” bu matçda minimum hesablı qələbəyə sevinib. Matçdakı yeganə qolu komandanın bombardiri Salif Ballo vurub. Nəticədə, Tovuz təmsilçisi premyer liqada qalmaq şansını saxlayıb.
AZAL isə paytaxtda "Rəvan”la qarşılaşıb. İkinci "altılığ”ın liderlərinin əvvəlki 6 matçında üstünlük "Rəvan”ın tərəfində idi. AZAL-ın meydanında keçirilən oyunda hər iki komanda qol sevinci yaşayıb. Bu mövsüm keçirilən görüşlərdən birincisi AZAL-ın 3:1 hesablı qələbəsi ilə başa çatmışdı. "Rəvan” isə növbəti görüşdə 1:0 hesablı qələbəyə sevinmişdi. "Aslanlar” bu görüşdə qələbə qazanmağı bacarsalar, ikinci "altılığ”ın lideri ilə aradakı xal fərqini azaltmağa nail olacaqdı. Lakin bu baş tutmayıb. Həmişəki kimi, yenə tərəflərin qol vurması ilə yadda qalan qarşılaşmada qələbə meydan sahiblərinə qismət olubları. Kifayət qədər gərgin və maraqlı keçən görüşdə qapılara beş qol vurulub. Nəticədə, "təyyarəçilər” izləyiciləri üçün bir qədər də əlçatmaz olub. Bununla da, onlar məhsuldar keçən oyunda "Rəvan”ın 4 oyunluq qələbə seriyasına son qoyublar.

İkinci oyun gününün yeganə görüşündə "İnter” doğma azarkeşlər önündə "Simurq” klubunu qəbul edib. Bir-birinə yaxın komandalar olduğundan, meydan sahiblərinin qələbə qazanacağı əvvəlcədən proqnozlaşdırılırdı. Çempionluq üçün mübarizə aparan "İnter”in kiçik qardaşından 3 xalı asanlıqla alacağı bəlli olsa da, 5 top vuracağı gözlənilən deyildi. Böyük hesabla qələbə qazanan komanda qızıl medallar uğrunda mübarizəni davam etdirir.
Son oyun günündə isə 3 qarşılaşma təşkil olunub. Günün ilk oyununda "Qarabağ” evdə "Bakı” komandasını sınağa çəkib. Bu oyun Ağdam klubu üçün daha böyük əhəmiyyət kəsb edirdi. Belə ki, "zolaqlılar”ın çempionatda heç bir şansı qalmamışdı. Qurban Qurbanovun yetirmələri isə bir gün əvvəl "İnter”ə təhvil verdikləri ikinci pilləni geri qaytarmalı idilər. İlk hissədə qolsuz bərabərliklə başa çatan oyunda hesab matçın 87-ci dəqiqəsində açılıb. Şəhriyar Əliyev cərimə meydançasında Vaqif Cavadovun qolundan tutub çəkdiyinə görə baş hakim 11 metrlik cərimə zərbəsi təyin edib. Topa yaxınlaşan ikinci hissədə meydana girmiş Riçard "Qarabağ”a qələbə qazandıran qolun müəllifi olublar.
İkinci oyunda "Neftçi” "Qəbələ” klubu ilə münasibətlərinə aydınlıq gətirib. "Ağ-qaralar” çempionluq uğrunda mübarizə apardığından məğlubiyyət komandanı liderlikdən edə bilərdi. Buna görə də Böyükağa Hacıyevin yetirmələri meydana mütləq qələbə üçün çıxmışdılar. "Qəbələ” isə Luis Araqonun rəhbərliyi altında hər iki oyundan bir xalla ayrılmışdı. 6-cı pillədə qərarlaşan bölgə klubunun nəzəri cəhətdən Avropa Liqasına vəsiqə üçün şansı var idi. Oyun "Neftçi” üçün yaxşı başlamayıb və ilk dəqiqələrdən hücuma atılan "Qəbələ” oyunun 14-cü dəqiqəsində hesabı açıb. Sağ cinahdan təşkil olunmuş hücum zamanı komanda yoldaşının ötürdüyü topu Lourival Assis dəqiq baş zərbəsi ilə qapıdan keçirib. "Neftçi” bərabərlik qolunu ikinci hissədə vurub. Oyunun 52-ci dəqiqəsində hücuma qoşulan Denis Silva dəqiq baş zərbəsi ilə tarazlığı bərpa edib. Matçın 65-ci dəqiqəsində Aleksandr Çertoqanov növbəti idmançıya yaraşmayan hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırılaraq, meydanı tərk edib. Lakin "Qəbələ” cəmi bir dəqiqə azlıqda qalıb və qarşılaşmanın 66-cı dəqiqəsində Flavinyoya da eyni səbəbdən ikinci sarı vərəqə göstərilib və o, meydanı tərk etmək məcburiyyətində qalıb. 3 dəqiqə sonra isə rəqib müdafiəçilərin kobud səhvindən yararlanan Nikolas Kanales "Neftçi”yə qələbə qazandıran qolu vurub.
Tura Lənkəranda yekun vurulub. Yerli "Xəzər Lənkəran” "Sumqayıt” komandasını qəbul edib. Meydan sahiblərini qarşıda çətin kubok oyunu gözlədiyindən Con Toşakın yetirmələrini yormayacağı, hətta bəzi aparıcı futbolçulara istirahət verəcəyi istisna deyildi. Lakin "altılıq”dan kənarda qalmaqla azarkeşlərini məyus edən "ağ-yaşıllar” doğma meydanda zəif "Sumqayıt”ı məğlub etməklə fanatlarına sevinc bəxş etmək istəyirdi. Olduqca sönük keçən oyunda qol vurulmayıb və komandalar meydandan bir xalla ayrılıblar.
Topaz Premyer Liqası
XXVII tur
1-6-cı yerlər uğrunda
20 aprel
"İnter” - "Simurq” - 5:0 (3:0)
Qollar: Yuri Fomenko, 4; 44; Daniel Genov, 32; 64; Ramil Mansurov, 52.
Bakı. "Şəfa” stadionu.
Təsnifat mərhələsindəki oyunlar - 1:0, 0:1
21 aprel
"Neftçi” - "Qəbələ” - 2:1 (0:1)
Qollar: Denis Silva, 53, Nikolas Kanales, 69 - Lourival Assis, 15
Qırmızı vərəqələr: Flavio Aleks Valensio, 66 - Aleksandr Çertoqanov, 65.
Bakı. "Bakcell Arena” stadionu.
Təsnifat mərhələsindəki oyunlar - 3:0, 1:2
"Bakı” - "Qarabağ” - 0:1 (0:0)
Qol: Riçard Almeyda, 87.
Bakı. "Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
Təsnifat mərhələsindəki oyunlar - 1:1, 0:0
7-12-ci yerlər uğrunda
19 aprel
"Kəpəz” - "Turan” - 0:1 (0:0)
Qol: Salif Ballo, 51.
Bakı. "Dalğa Arena” stadionu.
Təsnifat mərhələsindəki oyunlar - 1:2, 1:5
AZAL - "Rəvan” - 3:2
Qollar: Junior Nildo, 8; Con Oluremi, 60; 89 - Ramazan Abbasov, 73; Orxan Lalayev, 90+2.
Bakı. "AZAL Arena” stadionu.
Təsnifat mərhələsindəki oyunlar - 3:1, 0:1
21 aprel
"Xəzər Lənkəran” - "Sumqayıt” - 0:0 (0:0)
Lənkəran şəhər mərkəzi stadionu.
Təsnifat mərhələsindəki oyunlar - 1:1, 2:2