“Atletiko”nun nümayəndələri Bakıda futbolçu seçirlər

“Atletiko”nun nümayəndələri Bakıda futbolçu seçirlər

Madridin "Atletiko” klubunun seleksionerləri "Bakı” ilə əməkdaşlığa uyğun olaraq Azərbaycana gəliblər. "Bakı”dan seçilmiş gənc azərbaycanlı futbolçular İspaniyanın dünyada məşhur olan "Atletiko” klubunun bazasında təlim keçəcəklər. Uzunmüddətli proqram əsasında İspaniyaya yollanacaq futbolçuların seçimi "Atletiko”nun məşqçi-seleksiyaçılarına həvalə olunub.
Ötən həftə Daniel Qonsales Sanz, David Bellver və Xuanxo Rodrigez 11-13 yaşlı futbolçuların yarışlarını izləyiblər. Müşahidələr bir neçə gün davam edəcək.
Bir həftə ərzində aparılan təhlillər nəticəsində ən perspektivli futbolçular müəyyənləşəcək və onların siyahısı hazırlanaraq klub rəhbərliyinə təqdim olunacaq. Bu siyahıda tək "Bakı” futbol klubunun deyil, istənilən komandanın nümayəndəsi yer ala bilər.
Seleksiya işləri başa çatdıqdan sonra siyahı elan olunacaq. Seçilmiş uşaqlar yay aylarından etibarən Madridə yollanaraq, futbol təlimləri ilə bərabər klassik təhsil də alacaqlar.
Qeyd edək ki, layihənin bütün xərclərini "Bakı” futbol klubu ödəyəcək.