Ruslan Abışov Rusiya Premyer Liqasında debüt etdi

Ruslan Abışov Rusiya Premyer Liqasında debüt etdi


Azərbaycan millisinin futbolçusu Ruslan Abışov Rusiya Premyer Liqasında debüt edib. 26 yaşlı müdafiəçi şərəfini qoruduğu Rusiyanın "Rubin” klubunun əsas komandasında ilk matçına çıxıb.
Bu, "Amkar”la səfər oyununda baş verib. XXV turun matçına start heyətində çıxan Ruslan 90 dəqqiə əvəzlənmədən meydanda olub. Baş məşqçi Kurban Berdıyev həmyerlimizə müdafiənin sol cinahında yer verib.
Permdəki görüşdə komandalar hərəyə 1 qol vuraraq meydanı 1 xalla tərk ediblər. Salomon Rondonun qolu ilə "Rubin” ilk hissənin ortalarında hesabı açsa da, meydan sahibləri matçın sonunda bərabərlik qolunu vurub.
Səfərdə 1:1 hesablı bərabərliklə başa çatan oyundan sonra Ruslan Abışov Kazan təmsilçisinin çıxışını dəyərləndirib: "Mən bu anı çox gözləyirdim. "Rubin”in heyətində debüt matçında komandamın qələbəyə nail olmasını istəyirdim. Amma təəssüf ki, belə alınmadı. Birinci hissədə biz çox yaxşı oynayırdıq, lakin fasilədən sonra "Amkar”ın təzyiqlərinə dözməyib, qol buraxdıq. Əlbəttə, hamımız matçın nəticəsindən narazıyıq, öz oyunumu isə təhlil etmək istəmirəm. Bunun üçün məşqçilər var”.
Qeyd edək ki, Ruslan Abışov əvəzedici komandaların çempionatında 2 oyun keçirib.