"Qəbələ” klubunun 15 yaşa qədər futbolçulardan ibarət komandası Hollandiyaya yollanıb. Klubun saytının yaydığı məlumata görə, aprelin 21-də "Zanbaqlar ölkəsi”nə səfər edən təmsilçimiz sözügedən ölkədə birhəftəlik hazırlıq keçəcək.
Hüseynqulu Quliyevin yetirmələri hazırlıq çərçivəsində 3 yoxlama oyununda qüvvələrini sınayacaqlar. "Qəbələ”nin Hollandiyada üz-üzə gələcəyi rəqibləri və matçların keçirilmə tarixləri bəllidir. "Qırmızı-qaralar” ilk oyunlarını aprelin 23-də "Ayaks”a qarşı keçirəcəklər.
Növbəti gün "Qəbələ” Belçikanın "Brügge” klubundan olan həmyaşıdları ilə münasibətlərinə aydınlıq gətirəcəklər. "Qəbələ” son yoxlama oyununda, aprelin 28-də Almaniya təmsilçisi "Fortuna” (Düsseldorf) ilə qarşılaşacaq.
Komandanı Hollandiya səfərində "Qəbələ” Futbol akademiyasının direktor müavini Nail Kərimov və akademiyanın baş məşqçisi Halim Fıçıcı müşayiət edirlər. Akademiyanın gənc məşqçiləri Xaqani Məmmədovla Sahil Kərimli də heyətdə yer alıblar. "Qəbələ” səfərə bu futbolçularla yola düşüb: Süleyman Süleymanov, Toğrul Məmmədbəyli, Amin Seydiyev, Əzəmət Ələkbərli, Elvin Dəmirov, Xəyal Əmirli, Hacıağa Hacıyev, Baxşəli Baxşəliyev, Turan Manafov, Fərid Nəbiyev, Əhməd Mirzəyev, Elvin Həsənov, Azər İsmayılov, Nurlan Quliyev, Coşqun Süleymanov, Qara Mehrəlizadə, Fərid Əsədli, Rövlan Muradov.