Adil Əliyev: «Kikboksinq idman növü ölkəmizdə kifayət qədər populyarlığa malikdir»

Adil Əliyev: «Kikboksinq idman növü ölkəmizdə kifayət qədər populyarlığa malikdir»



Fevralın 15-dən 17-dək Bakı İdman Sarayında kikboksinq üzrə 22-ci ölkə çempionatı və birinciliyi keçiriləcək.

Yarışda paytaxt və bölgələri təmsil edən komandalardan idmançılar bacarıqlarını nümayiş etdirəcəklər. Azərbaycan Kikboksinq Federasiyası tərəfindən ölkə çempionatına yüksək səviyyədə hazırlıq işləri həyata keçirilir. Bugünlərdə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevlə görüşərək yarışa hazırlıqla bağlı söhbət etdik. Federasiyanın prezidenti kikboksinqin Azərbaycanda inkişafı və bu sahədə görülən işlər və qarşıdakı planlar barədə danışdı.

- Adil müəllim, bir neçə gündən sonra kikboksçularımızı ilin vacib yarışlarından biri, ölkə çempionatı gözləyir. Yarışa hazırlıq işləri necə gedir?

- Azərbaycan Kikboksinq Federasiyası tərəfindən yarışa hazırlıq yüksək səviyyədə aparılır. Yarış böyüklər və kadetlər arasında təşkil ediləcək. Ölkə çempionatının təşkilində əsas məqsəd yığma komandanın yeni heyətini müəyyənləşdirmək, eləcə də istedadlı idmançıları üzə çıxarmaqdır. Yarışa hazırlıqla bağlı federasiyada qərərgah yaradılıb. Federasiyanın əməkdaşları yarışda iştirak etmək istəyən komandalardan sifarişlər qəbul edir və onların çempionatda iştirakının təmin olunması üçün lazımi işləri həyata keçirirlər. Paytaxtla yanaşı, region komandaları ilə də iş aparılır. Qeyd edim ki, müraciət edənlərin sayı çoxdur. Hətta elə bölgələr var ki, yarışa bir neçə komanda ilə qatılmaq istəyir. Paytaxt idmançılarının da sayı kifayət qədərdir. Bu onu göstərir ki, kikboksinq idman növü ölkəmizdə kifayət qədər populyarlığa malikdir. Düşünürəm ki, iştirakçıların say çoxluğu, idmançıların yüksək səviyyəli hazırlığı güclü rəqabətin olacağından xəbər verir. Əlbəttə ki, bizim də məqsədimiz ən güclü idmançıları müəyyənləşdirib ölkəmizi beynəlxalq arenalarda yüksək səviyyədə təmsil edəcək idmançıları üzə çıxarmaqdır. Paytaxtda, eləcə də bölgələrdə müxtəlif yaş qrupları üzrə kifayət qədər perspektivli idmançılar var. Belə idmançılar yığma komandaya cəlb olunduqdan sonra məşqçilərin rəhbərliyi altında beynəlxalq yarışlara hazırlıqlara başlayacaqlar. Qeyd edim ki, fevralın 14-də çəki mərasimi olacaq. Fevralın 15-də isə ölkə çempionatının açılış mərasimi keçiriləcək. Onu da deyim ki, əvvəlki yarışlardan fərqli olaraq budəfəki ölkə çempionatının final qarşılaşmaları peşəkar döyüşlər kimi keçiriləcək. İlk dəfədir ki, biz belə bir təcrübədən istifadə edəcəyik. Yarışları bu cür təşkil etməkdə məqsəd kikboksçularımızın həm həvəskar, həm də peşəkar liqada keçirilən döyüşlərə hazırlamaq, hər iki növə marağı təmin etməkdir.

- Adil müəllim, ötən il yenidən növbəti dörd il müddətinə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti seçilmisiniz. Həmin dövrdən federasiyada hansı yenilikləri həyata keçirmisiniz?

- İdmançılarımız tərəfindən mənə göstərilən göstərilən etimada görə qürur hissi duyuram. Qurum rəhbəri olaraq mənə göstərilən etimadı doğrultmağa çalışacağam. Federasiyada aparılan əsas dəyişikliklər kadr islahatı ilə bağlı oldu. Yeniliklərdən biri odur ki, peşəkar liqanın yüksək səviyyədə formalaşmasına nail olduq. Peşəkarlar arasında yeni vitse-prezident təyin olundu. Federasiyada beynəlxalq şöbə yaradıldı. Baş katib yenisi ilə əvəz olundu. Regionlarla iş üzrə də əməkdaşlarımız var və onlar bölgələrdəki nümayəndəliklərimizlə sıx əlaqə saxlayırlar. İctimai nəzarət şöbəsi yaradılıb ki, bu şöbə birbaşa olaraq idmançılara nəzarəti həyata keçirir. Əsas məqsədimiz bu sahədə tam şəfaflığa nail olmaqdır. Həm böyüklər, həm də yeniyetmə və gənclərdən ibarət yığma komanda ilə iş yüksək səviyyədə aparılır.

- Ötən ili kikboksçularımız üçün necə qiymətləndirirsiniz?

- 2015-ci il federasiya üçün uğurlu illərdən oldu. Kikboksçularımız müxtəlif mötəbər yarışlarda uğurla çıxış edərək nailiyyətlər qazanıblar. Serbiyada keçirilən dünya çempionatında 1 qızıl, 3 gümüş, 3 bürünc medal əldə olundu. İspaniyanın San-Sebastian şəhərində kikboksinqin WAKO versiyası üzrə gənclər və yeniyetmələr arasında keçirilən Avropa birinciliyində Azərbaycan milli komandası uğurla iştirak edib. Milli komandamız yarışda 2 qızıl, 1 gümüş və 5 bürünc medal qazanıb. Ümumiyyətlə son dövrlərdə kikboksinqdə yüksək uğurlar qazanılıb. Kikboksinq idman növündə kifayət qədər peşəkar, təcrübəli və titullu idmançılarımız var. Hazırda kikboksçularımız bir sıra nüfuzlu yarışlarda öz sözlərini deyir, ən güclü ölkələrin idmançıları üçün ciddi rəqib hesab olunur, bir sözlə aparıcı mövqelərdə dayanırlar.

- Qarşıda sizi hansı yarışlar gözləyir?

- Bir sıra ölkələrlə müqavilələrimiz var. Cənubi Afrika, Fransa, Türkiyə və Çeçenistan komandaları ilə peşəkar döyüşlərin keçirməyi planlaşdırırıq. Bununla yanışı, yeniyetmə, gənclər və böyüklərdən ibarət yığma komandalarımız Avropa və dünya çempionatlarında iştirakı nəzərdə tutulur.

- Adil müəllim, kikboksinqin inkişafı istiqamətində təbliğati işləri necə həyata keçirirsiniz?

- Biz müxtəlif Kütləvi İnformasiya Vasitəsilə ilə təbliğati işləri həyata keçiririk. Bununla yanaşı, sosial şəbəkə vasitəsilə idmançılarımız, federasiyanın əməkdaşları tərəfindən aktiv təbliğat aparılır. Bu sahədə «Olimpiya dünyası» qəzetinin xüsusi rola malikdir. Qəzetiniz bizimlə sıx əməkdaşlıq edir, bu növün inkişafı ilə bağlı mütəmadi yazılar dərc edir. Əsas məqsədimiz bu sahəni daha da inkişaf etdirmək, ölkəyə layiq vətəndaşlar, sağlam gənclik və peşəkar idmançılar yetişdirməkdir.

Aysel Sultanova