Londonda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev Kuboku - 2013” mini futbol turniri çərçivəsində ölkə üzrə milli seçim turlarına start verililib.
Gənclər və İdman Nazirliyi, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi, Britaniyada fəaliyyət göstərən "Odlar Yurdu” təşkilatının birgə təşəbbüsü və bu ölkədəki səfirliyimizin dəstəyi ilə keçirilən ilk mərhələdə müxtəlif ölkələrdən həvəskar komandalar güclərini sınayaraq, "Böyük final” mərhələsinə vəsiqə qazanmaq üçün mübarizə aparıblar. Gərgin mübarizədən sonra Bosniya və Herseqovina komandası qalib olub. Qalibləri mükafatlandırma mərasimində çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar dünya miqyasında keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. Turnirin Azərbaycanın tolerantlıq mədəniyyətini bir daha göstərdiyini qeyd edən səfir, iştirakçı komandaları təbrik edib. Sonra Fəxrəddin Qurbanov və "Odlar Yurdu” təşkilatının sədri İlham Nağıyev tərəfindən qalib komandaya kubok, iştirakçı komadalara isə həvəsləndirici hədiyyələr və turnirin medalları təqdim edilib. Qeyd edək ki, turnir səkkiz ölkənin iştirakı ilə həyata keçirilir. İştirakçı ölkələrin hər birində 8 komanda öz arasında yarışacaq və qalib komanda mayın 5-də Bakıda keçirilməsi planlaşdırılan "Böyük Final” mərhələsinə vəsiqə qazanacaq.