İdman dırmanması 2020-ci ildə Olimpiya oyunlarının proqramına daxil edilə bilər

İdman dırmanması 2020-ci ildə Olimpiya oyunlarının proqramına daxil edilə bilər





Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) Avropa Komissiyasının Prezidenti Volfgang Vabel aprelin 23-də Bakıya işgüzar səfərə gəlib. Almaniyalı qonaq V. Vabelin səfərində əsas məqsəd 2015-ci ildə Bakıda keçiriləcək idman dırmanması növünün I Avropa Oyunlarının proqramına daxil edilməsi ilə bağlıdır. Səfər çərçivəsində İFSC-nin Avropa Komissiyasının prezidenti Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov, həmçinin Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) prezidenti Hüseyn Bağırovla görüşüb. Ölkəmizdə olduğu müddətdə qonaq Beynəlxalq İdman Dırmanması Federasiyasının tələb və şərtlərinə uyğun olaraq yeni inşa olunmuş «Climbaku» İdman Dırmanması Mərkəzi və federasiyanın idman qurğuları ilə tanış olub. Qeyd edək ki, bu səfər həmçinin iyul ayında Bakıda keçiriləcək idman dırmanması üzrə Dünya kuboku (sürət mərhələsi) yarışına hazırlıq məqsədi daşıyıb. Beynəlxalq qurumun nümayəndəsi aprelin 23-də «Climbaku» İdman Dırmanması Mərkəzi ilə tanışlıqdan sonra FAİREX-in idmançıları ilə görüşüb. Görüşdə FAİREX-in I vitse-prezidenti Firdovsi Əliyev, vitse-prezidentlər Sarvan Rəsulov və Valeri Bağırov iştirak ediblər. Əvvəlcə Sarvan Rəsulov Volfgang Vabelin ölkəmizə səfərinin məqsədi barədə məlumat verib. O, İFSC-nin Avropa Komissiyasının prezidentinin ölkəmizə ilk dəfə səfər etdiyini bildirib. Vitse-prezident paytaxtımızda ilk dəfə idman dırmanması üzrə Dünya kuboku yarışının keçirilməsini beynəlxalq federasiya tərəfindən ölkəmizə göstərilən etimadın nəticəsi kimi dəyərləndirib. Sarvan Rəsulov Beynəlxalq İdman Dırmanması Federasiyasının əsas məqsədlərindən birinin idman dırmanmasının 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının proqramına salınması ilə bağlı olduğunu deyib. O, bu məsələyə Avropa Olimpiya Komitəsinin buyaxınlarda ölkəmizdə keçiriləcək iclasında baxılacağını bilbirib. «Avropa Olimpiya Komitəsinin ölkəmizdə keçiriləcək iclasında I Avropa Oyunlarının proqramına daxil olacaq idman növlərinin siyahısı müəyyənləşəcək. Beynəlxalq İdman Dırmanması Federasiyası bu növün oyunların prqramına salınmasına çalışır»,- deyə vitse-prezident əlavə edib. Sarvan Rəsulov ölkəmizdə bu növün daha da inkişaf etdirilməsi və təbliği üçün məqsədyönlü tədbirlərin həyata keçirildiyini vurğulayıb: «Volfgang Vabellə Milli Olimpiya Komitəsində, gənclər və idman nazirliyində görüşlər zamanı regionlarda bu növün inkişaf perspektivləri ilə bağlı söhbətlər oldu. Qeyd olundu ki, bundan sonra müxtəlif bölgələrdə fəaliyyət göstərən Olimpiya idman komplekslərində, digər idman qurğuları, mərkəzlərində dırmanma divarı qurulacaq və bu idman növü digər ənənəvi idman növləri ilə yanaşı, ölkəmizdə inkişaf etdiriləcək».
Ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açan FAİREX-in I vitse-prezidenti Firdovsi Əliyev idmanımızda əldə olunan uğurlardan danışıb. O, qeyd edib ki, ölkəmiz üçün qeyri-ənənəvi idman növü olan idman dırmanması respublikamızda daha da geniş təbliğ olunduqdan sonra qısa müddətdə ənənəvi idman növləri sırasında yer alacaq.
İFSC-nin Avropa Komissiyasının prezidenti təmsil etdiyi qurumun fəaliyyəti haqqında məlumat verərək Azərbaycanda bu idman növünə göstərilən diqqət və qayğıdan məmnun olduğunu bilidirib. O, FAİREX-in 2010-cu ilin əvvəlində İFSC-yə üzv olduğunu və bu qısa müddət ərzində federasiyanın işindəki nəzərə çarpacaq irəliləyişlərin, idmançıların beynəlxalq yarışlarda aktiv iştirakının beynəlxalq federasiyanın diqqətini cəlb etdiyini deyib. Almaniyalı qonaq idman dırmanmasının 2020-ci il Olimpiya oyunlarının eləcə də, Bakıda keçiriləcək I Avropa Oyunlarının proqramına salınma perspektivlərindən söz açıb. O, Bakıda ilk dəfə keçiriləcək idman dırmanması üzrə Dünya kubokunu bu növün təbliği və inkişafı baxımından yüksək qiymətləndirib: «Bakıda çox gözəl dırmanma mərkəzi var. Bu gün tanış olduğum «Climbaku» dırmanma mərkəzində idmançıların məşq etməsi, qalması üçün hər cür şərait var. Mən Almaniyanın «Alp» klubunu təmsil edirəm. Çox istərdim ki, Almaniyada da idmançıların sırf bu növlə məşğul olmaları üçün xüsusi bir mərkəz fəaliyyət göstərsin. Azərbaycanın regionlarında da belə dırmanma mərkəzlərinin olması yaxşı olardı. Bu, gənclərin idman dırmanmasına olan marağını daha da artırar. Ölkənizdə beynəlxalq dərəcəli hakimlərin, marşrutları quran mütəxəssislərin olması da vacib amildir. Ölkənizdə daha çox beynəlxalq səviyyəli yarışların təşkili üçün beynəlxalq səviyyəli hakimlərin hazırlanması vacibdir. İdmançılarınızın yeniyetmələr üçün təşkil olunan beynəlxalq düşərgələrdə, Dünya kuboklarında iştirakı da təcrübənin artırılması baxımından böyük əhəmiyyət kəsb edir».
Daha sonra jurnalistlər və FAİREX-in idmançıları İFSC-nin Avropa Komissiyasının prezidenti Volfgang Vabelə onları maraqlandıran suallarla müraciət ediblər.



- İdman dırmanmasının 2020-ci il Olimpiya oyunlarının proqramına salınması şansları nə qədərdir?

- İdman dırmanmasının 2020-ci ildə Olimpiya oyunlarının proqramına daxil olmaq şansı var. 2020-ci il Olimpiadasının proqramına namizəd idman növləri sırasında Azərbaycan üçün də vacib idman növlərindən olan güləş var. Mənə elə gəlir ki, güləş yenidən oyunların proqramına qaytarılacaq. Digər 7 namizəd idman növü sırasında roller idman növü üstünlük təşkil edir. Döyüş növü uşunun da şansı çoxdur. Amma bildiyiniz kimi, hazırda olimpiadanın proqramında taekvondo şərq döyüş növü yer alıb. Hər hansı əlavə döyüş növünün proqrama daxil ediləcəyi inandırıcı deyil. Mayın sonunda Beynəlxalq Olimpiya Komitəsinin növbəti iclası olacaq. Həmin iclasda idman dırmanmasının olimpiadanın proqramına salınıb-salınmayacağı məsələsinə aydınlıq gələcək. Beynəlxalq İdman Dırmanması Federasiyası bütün səylə bu növün olimpiadanın proqramına salınmasına çalışır. Elə bu məqsədlə biz idman dırmanmasının Bakıda keçiriləcək I Avropa Oyunlarının proqramına salınmasını çox istəyirik. Məlumat üçün deyim ki, diyircəkli konkisürmə (roller) idman növü üzrə beynəlxalq federasiya bu növün Avropa Oyunlarının proqramına salınması üçün müraciət edib. Bu müraciət artıq baxılmaq üçün qəbul edilib. Beynəlxalq İdman Dırmanması Federasiyasının bu növün Avropa Oyunlarının proqramına salınması məsələsinə ölkənizdə keçiriləcək Avropa Olimpiya Komitəsinin iclasında baxılacaq. Sözsüz ki, mən idman dırmanmasının gələcəyi ilə bağlı məsələyə nikbin baxıram. Bizim əsas məqsədimiz idman dırmanmasının yalnız Olimpiya oyunlarının proqramına salınması deyil. İFSC bu növün bütün yaş təbəqələri arasında bütün dünyada inkişaf etdirilməsinə nail olmağa çalışır. Para-klayminq üzrə yarışların keçirilməsi isə bu növün daha da inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.
- İdman dırmanması Olimpiya Oyunlarının proqramına daxil ediləcəyi təqdirdə, yarışlar hansı növ üzrə keçiriləcək?

- Beynəlxalq İdman Dırmanması Federasiyası əvvəlcə çətinlik növünün proqrama daxil edilməsi təşəbbüsü ilə çıxış etmişdi. Ötən il Fransada keçirilən dünya çempionatından sonra hər üç növün-sürət, çətinlik və boulderinqin proqrama salınması qərara alındı. Artıq bu üç növün bir növün tərkib hissəsi kimi proqrama salınması təklifi irəli sürülüb.

- Bu gün FAİREX İFSC-nin ən gənc federasiyalarındandır. Ölkəmizdə bu növ üzrə keçiriləcək Dünya kuboku yarışına az müddət qalıb. Necə düşünürsünüz, Almaniya idmançıları üçün bu yarışda iştirak etmək nə dərəcədə maraqlıdır?

- Sürət növü, əsasən, şərqi Avropa ölkələrində populyardır. Almaniyada bu növ son bir neçə ildir ki, inkişaf edib. Dünya kuboku çox vacib yarışdır. Bu yarışda 17-18 komandadan 50-ə yaxın idmançının iştirak edəcəyini gözləyirəm. Öz tərəfimdən çalışacağam ki, Dünya kubokunda daha çox sayda Almaniya idmançısının iştirakını təmin edim.

- Sürət üzrə keçirilən yarışlarda, adətən, Rusiya idmançıları ilk pillələrdə yer alırlar. Sizcə bunun sirri nədədir?

- Rusiya komandası dünya səviyyəli yarışlarda hər zaman birinci olmur. Məncə, Yaponiya, Çin komandaları da kifayət qədər güclüdürlər. Rusiya komandasının xüsusi hazırlıq proqramı var. Rusiyada universitetlərdə, məktəblərdə bu növlə məşğul olanların sayı çoxdur. Onların bu növün inkişafına xüsusi yanaşma tərzləri var.

- Cənab Vabel maraqlıdır, Siz özünüz idman dırmanması üzrə yarışlarda iştirak etmisinizmi? Bu sahədə hansı uğurlarınız olub?

- 1989-cu ildən 1993-cü ilə kimi Almaniya milli çempionatlarında iştirak etmişəm. Bu yarışlarda ən yaxşı nəticəm 15-ci yer olub. İndi də özüm üçün boş vaxtlarımda dırmanma ilə məşğul oluram.



Aysel Sultanova