Mövsümə “böyük oyun”la yekun vurulacaq

Mövsümə “böyük oyun”la yekun vurulacaq

Bu həftə Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib və qarşılaşmalardan sonra finalçılar müəyyənləşib. Mayın 28-də təşkil olunacaq həlledici qarşılaşmada "Neftçi” və "Xəzər Lənkəran” komandaları üz-üzə gələcəklər.
Yarımfinalda "Xəzər Lənkəran” doğma azarkeşlər önündə "Bakı” klubu ilə münasibətlərinə aydınlıq gətirib. "Zolaqlılar” paytaxtda keçirilən ilk görüşdə 1:0 hesabı ilə qalib gəldiklərindən Lənkərandakı görüşə üstün çıxmışdılar. Lakin hər hissədə bir qol vuran "ağ-yaşıllar” finala yüksələn ilk komanda olub.



Digər finalçı Tofiq Bəhramov adına Respublika stadionunda müəyyənləşib. Burada "Qarabağ” və "Neftçi” komandaları qarşılaşıblar. İlk yarımfinal matçında öz meydanında 2:1 hesablı qələbə qazanan "neftçilər” səfər görüşündə heç-heçəyə nail olublar - 2:2. Hesabı "Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda oyunun 41-ci dəqiqəsində onbirmetrlik cərimə zərbəsi ilə açıb. Bundan cəmi 1 dəqiqə sonra Elvin Yunuszadə bərabərlik qolunu vurub. Fasilədən sonra "Qarabağ” 2-ci qolu vurmaq üçün irəli atılsa da, yenə "Neftçi” fərqlənib. Matçın 76-cı dəqiqəsində Nikolas Kanales aktivinə növbəti qolu yazıb. Bundan sonra Ağdam təmsilçisinə 3 qol vurmaq lazım gəlirdi. Amma meydan sahiblərinin gücü cəmi 1 topa çatıb. Oyunun 86-cı dəqiqəsində "Neftçi”nin qapıçısı Saşa Stamenkoviçin kobud səhvindən sonra Emeka Opara hesabı bərabərləşdirib.
Beləliklə, Azərbaycan kubokunun finalına son illərin ən prinsipial rəqibləri - "Neftçi” və "Xəzər Lənkəran” klubları vəsiqə qazanıblar.

Azərbaycan kuboku
1/2 final mərhələsi, cavab oyunları
24 aprel
"Qarabağ” - "Neftçi” - 2:2
Qollar: Elvin Yunuszadə, 42; Nikolas Kanales, 77 - Riçard Almeyda, 41 (pen.); Emeka Opara, 86.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun - 1:2

"Xəzər Lənkəran” - "Bakı” - 2:0
Qollar: Ağabala Ramazanov, 45+1, Rahid Əmirquliyev, 81.
Lənkəran. Şəhər mərkəzi stadionu.
İlk oyun - 0:1

Final
28 may
"Neftçi” - "Xəzər Lənkəran”