Topaz Premyer Liqasında final mərhələsində oyunlar davam edir. Çempionluq uğrunda yarışan "Neftçi”, "Qarabağ” və "İnter” klubları son turda qələbə qazandılar. İlk iki komanda çətinliklə qalib gəlsə də, "bankçılar” asanlıqla 3 xalı əldə etdilər. Belə ki, "İnter” doğma azarkeşlər önündə "Simurq” klubunun qapısından 5 top keçirdi. Oyundan sonra "İnter” klubunun futbolçusu Slavço Georgiyevski "Olimpiya dünyası” qəzetinə müsahibə verdi. Makedoniyalı müdafiəçisi "Simurq”la keçirilən matç barədə fikirlərini bölüşdü və ona göstərilən sarı vərəqə ilə bağlı narazılığını bildirdi.
- Slavço, belə çətin matçda rəqibin qapısından 5 cavabsız qol keçirmək "İnter”ə müyəssər oldu...
- Biz bu matça çox yaxşı hazırlaşmışdıq. Görüşdən əvvəl müxtəlif səpgidə söz-söhbətlər var idi. Biz yalnız bunu istəyirdik: meydançaya çıxaq və öz oyunumuzu göstərmək. Düşünürəm ki, üstünlüyümüzü nümayiş etdirmək mümkün oldu. Komandamızı layiqli qələbə münasibətilə təbrik edirəm. Mənim yeganə narazılığım hakimin adi vəziyyətdə mənə sarı vərəqə göstərməsi ilə bağlıdır. Hakimdən soruşmaq istərdim ki, niyə mənə sarı vərəqə göstərdi? Biz rəqibin müdafiəçisi ilə, sadəcə, serb dilində danışırdıq və bu zaman qarşımda sarı vərəqə gördüm. Yəqin oyunun baş hakimi poliqlotdur və serb dilini bilir. Buna görə də növbəti dəfə Çin dilində danışacağam. Amma çox güman ki, o, Çin dilini də bilir (gülür).
- Mövsümdə ikinci dəfədir sarı vərəqə limitini keçirsiniz. Maraqlıdır ki, bu, ikinci dəfə keçmiş komandanıza - "Neftçi”yə qarşı keçiriləcək matç öncəsində baş verir...
- Mən Çində olmuşam və cüzi də olsa bu dili bilirəm. Əgər hakim bu dili də bilirsə, o zaman növbəti dəfə biz Çin dilində də danışarıq. Mən başa düşmürəm ki, o, bizim serb dilində danışdığımızdan nə anladı və nəyə görə mənə sarı vərəqə göstərdi.
- Sarı vərəqə aldığın anda hakimdən soruşmadınız ki, niyə görə vərəqə göstərildi?
- Düşünürəm ki, onun özü də bilmir. Mənim sualıma cavabında dedi ki, indi mənə qırmızı vərəqə göstərəcək. Anlamıram, nə vaxtdan futbolçulara meydançada bir-birilə danışmaq olmaz? Bir də harada yazılıb ki, ünsiyyətə görə sarı vərəqə göstərilir? Bizim serb dilində danışdığımızdan, o, ümumiyyətlə, nə anladı?
- Buna baxmayaraq, komandamız növbəti qələbəsini qazandı və yüksək yerlər uğrunda mübarizəni davam etdirir. Necə düşünürsünüz, "İnter” mövsümün yekunlarına görə məqsədlərinə çata biləcək?
- Əlbəttə. Mübarizə hələ irəlidədir. Məsələn, növbəti tur səfərdə "Neftçi” ilə oynamalıyıq. Mənim həmin matçda olmağım vacib deyil, uşaqlar mütləq mübarizə aparacaqlar. Biz mübarizəyə köklənmişik.
- "Simurq”la oyudan nöncə "İnter”in gənc yarımmüdafiəçisi Fuad Bayramov ağır zədə aldı. Yəqin bu vəziyyət komandamızın futbolçularına mənfi təsir göstərdi...
- Bu hadisə psixoloji planda bizə pis təsir göstərdi. Bir yerə toplaşdığımız zaman baş vermiş hadisədən xəbər tutduq. Heç kim inanmaq istəmirdi. Axı Fuad da bizim birimizdir, o, bizim qardaşımızdır. Baş vermiş hadisə bizim üçün çox ağırdır. Ancaq ümid edirik ki, o, tezliklə meydançaya qayıdacaq. Allah ona şəfa versin!
- "Simurq”la oyuna qayıdaq. Komandanız bu mövsüm bir oyun ərzində ilk dəfədir bu qədər qol vurur. Hansı amilin sayəsində "İnter” rəqibin qapısına 5 dəfə yol tapa bildi?
- Biz yaradılmış qol vəziyyətlərdən yaxşı istifadə etdik. Artıq matçın əvvəlində İbrahima Niassenin əla ötürməsindən sonra Yuri Fomenko baş zərbəsi ilə topu qapıdan keçirdi. Sonra bizə asan oldu. Sürətli təşkil edilən hücumdan sonra vurulan qol özümüzə olan inamımızı daha da artırdı. Rəqib azlıqda qaldığı zaman isə onlara daha çətin oldu. Biz bundan yararlandıq və üstünlüyümüzü vurulmuş qollarla göstərdik.