“İnter” üçün əlamətdar oyun

“İnter” üçün əlamətdar oyun


Topaz Premyer Liqasının XXVII turu çərçivəsində "İnter”in "Simurq”la keçirilən matçı bir sıra statistik göstəricilərlə yadda qalıb. Klubun rəsmi saytının yaydığı məlumata görə, Zaqatala təmsilçisi ilə oyunda iki qol vuran bolqarıstanlı yarımmüdafiəçi Daniel Genov və çempionatda ilk dəfə əsas heyətdə meydançaya çıxaraq fərqlənən gənc hücumçu Ramil Mansurov klubun tarixinə düşüblər. Məsələ burasındadır ki, adıçəkilən futbolçular "bankçılar”ın heyətində çempionatda qol vuran 71 və 72-ci futbolçular olublar.
Cari mövsümün gedişində bu siyahıya əvvəllər Georgi Adamiya, Slavço Georgiyevski, Yuri Fomenko, Fuad Bayramov və artıq "İnter”dən ayrılmış Cako Arafat düşmüşdülər.
Bundan başqa, bu oyun "İnter”in qapıçısı Elşən Poladovun debüt etməsilə də yadda qalıb. Daha doğrusu, bu qapıçının komandanın heyətində çempionata qayıtması ilə diqqəti cəlb edib. Belə ki, Elşən Poladov 2006/2007-ci illər mövsümündə "İnter”in qapısını qorumuşdu.
Qeyd edək ki, Kaxaber Sxadadzenin çempionatın 27 oyununda istifadə etdiyi futbolçuların sayı 29-a çatıb. Paytaxt klubunun heyətində daha çox meydançada olan futbolçu Slavço Georgiyevskidir - 2306 dəqiqə. Ən az oynayan gənc yarımmüdafiəçi Coşğun Diniyevdir - 15 dəqiqə. "İnter”in ən yaxşı bombardiri 7 qolla Baçana Sxadadzedir. Təqribən hər 259 dəqiqədən bir qol vurur. Ən çox sarı vərəqə alan futbolçu Vladimir Levin və Slavço Georgiyevskidir - hərəyə 8 dəfə.
"Simurq” üzərində 5:0 hesablı qələbə "İnter”in tarixində sayca 4-cüdür. Belə ki, 2005/2006-cı illər mövsümündə komanda doğma stadionda "Gəncə”ni 5:0 hesabı ilə məğlub edib. Növbəti mövsümdə "İnter” Tovuzun "Turan” komandasına 1:7 hesabı ilə qalib gəlib və 2009/2010-cu illər mövsümündə Kaxaber Sxadadzenin yetirmələri səfərdə "Muğan” klubu üzərində 1:6 hesabı ilə qələbə qazanıblar.