AFFA Flavinyo və Çertoqanovu cəzalandırdı

AFFA Flavinyo və Çertoqanovu cəzalandırdı


AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Yığıncaqda Topaz Premyer Liqasının XXVII turunun qarşılaşmalarında baş verən xoşagəlməz hadisələr də müzakirə olunub.
"Bakı” - "Qarabağ” oyununda meydan sahiblərinin, "Kəpəz” - "Turan” və "İnter” - "Simurq” matçlarında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar hərəyə 1000 manat cərimə olunublar. Zaqatala təmsilçisi oyunun 30-cu dəqiqəsində qırmızı vərəqə alaraq meydandan çıxarılan Mario Bojiçə görə də xərcə düşüb. Futbolçu 1 oyunluq cəzalanmaqla yanaşı, klubunu 200 manat cəriməyə də məruz qoyub.
"Neftçi” - "Qəbələ” görüşündə hər 2 komanda cəzalanıb. "Qəbələ”nin futbolçusu Aleksandr Çertoqanov 65-ci, "Neftçi”nin üzvü Flavinyo 66-cı dəqiqədə 2-ci sarı vərəqə görə meydandan qovulduqları üçün 1 matçlıq cəzalanıblar. Klublar bu oyunçulara görə 200 manat cərimələnib.
"Xəzər Lənkəran” - "Sumqayıt” qarşılaşmasında meydandan qovulanların da taleyi eyni olub. Oyunun 86-cı dəqiqəsində qonaqları azlıqda qoyan Taner Taktak və matçın 90+2-ci dəqiqəsində meydan sahiblərinin heyətində qırmızı vərəqə alan Dmitrios Sialmas hərəyə 1 oyunluq "istirahət” qazanıb. Klubları onlara görə 200 manat ödəməli olacaq.