Çingiz Hüseynzadə: "Rio-2016-da qazanılan nəticələr heç də gözlənilməz deyil"

Çingiz Hüseynzadə: "Rio-2016-da qazanılan nəticələr heç də gözlənilməz deyil"

Bu gün Milli Olimpiya Komitəsində (MOK) Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının yekunu ilə bağlı mətbuat konfransı keçirilib.

Olimpnews.az saytının məlumatına görə, mətbuat konfransında MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Camaləddin Rəhmanov və media nümayəndələri iştirak edib. idmançılarımızın Olimpiya Oyunlarından Vətənə böyük qələbə ilə qayıtdığını bildirən Çingiz Hüseynzadə Azərbaycanın 20 ildir Olimpiya Hərəkatında fəal iştirak etdiyini diqqətə çatdırıb."Bilirsiniz ki, Olimpiya Oyunları planetin ən mötəbər yarışlarından biridir. Bu təkcə idman yarışı deyil, həm də idman bayramıdır. Burada həmişə istər mədəni, istərsə də siyasi hadisələr baş verir. Azərbaycan 20 ildir ki, Olimpiya Hərəkatında fəal iştirak edir.

1996-cı ildə Azərbaycan idmançıları ilk dəfə Olimpiya Oyunlarına qoşuldular. Ölkəmiz Atlantada keçirilən həmin yarışda 23 idmançı ilə iştirak etdi. Atlanta Olimpiadasında komandamız Namiq Abdullayevin sayəsində bir gümüş medal qazanmışdı. Həmin dövrdən bugünə kimi Azərbaycan idmanı o qədər inkişaf edib ki, idmançılarımız Olimpiya Oyunlarndan ölkəmizə rekord nəticə ilə qayıdırlar. Buyaxınlarda başa çatan Rio Olimpiadasında komandamız 1-i qızıl, 7-i gümüş və 10-u bürünc olmaqla 18 medal qazanaraq vətənə rekord nəticə ilə qayıtdı. Biz xalqımıza böyük sevinc yaşadan Olimpiya millimizlə qürur duyuruq. Bu, həqiqətən də böyük nəticədir. Azərbaycan idmanı bütün dünyada tanınır. Əgər 1996-cı ildə Atlanta Olimpiadasında komandamız bir medal qazananda bütün dünya təəccüblənmişdisə, Rio Olimpiadasında Azərbaycanın 18 medal qazanması heç kimi təəccübləndirmədi. Hamı bu uğuru normal qəbul edir. Hər kəs bilirdi ki, Azərbaycan idmançıları Rio-ya medal qazanmaq üçün gəliblər. Biz həmişə müəyyən böyük tədbirlər keçiriləndə Milli Olimpiya Komitəsi tərəfindən yeniliklər həyata keçirməyə çalışırıq. Avropa Oyunları Bakıda keçiriləndə biz "Zəfər günləri” layihəsini ortaya qoyduq. Bu layihəni də məhz media üçün təşkil etmişdik. Çalışdıq ki, "Zəfər günləri” vasitəsi ilə KİV nümayəndələri Avropa Oyunlarında iştirak edən idmançılarımızı yaxından tanısınlar. Əlbəttə ki, Rio Olimpiadası zamanı biz bu layihəni əvvəlki formada həyata keçirə bilməzdik. Bunun səbəbi idmançılarımızın Braziliyada olması ilə bağlı idi. Ona görə də biz çalışdıq ki, sosial media üzərindən Azərbaycan ictimaiyyətinə Rio-da baş verən hadsələr barədə məlumat verək. Bizim əsas məqsədimiz doğru, düzgün informasiyanı vaxtında Azərbaycan xalqını çatdırmaq idi. Mən əminəm ki, biz bunun da öhdəsindən gəldik. Bu, böyük uğurdur. İnanırıq ki, bu işi gələcəkdə də uğurla həyata keçirəcəyik. Bu oyunlarda istər idman tərəfindən, istərsə də sosial əhəmiyyətlilik baxımından Azərbaycan növbəti uğuruna imza atdı. Sosial şəbəkədə "Rio-2016 Birlikdə Güclüyük” layihəsi də uğurlu oldu. Azərbaycan idmansevərləri mötəbər turnirdə baş verənləri vaxtında izləyə bildilər. Doğurdan da, Rio Olimpiadası sübut etdi ki, biz birlikdə güclüyük”, - deyə Çingiz Hüseynzadə bildirib.

Yığmamızın uğurlarından danışan Çingiz Hüseynzadə atletlərimizin finaldakı məğlubiyyətinə də öz münasibətini bildirib: "Bizim səkkiz idmançımız finala yüksəlmişdi və onların hər biri çempion ola bilərdi. Məsələn, Mariya Stadnikə qızıl mükafat üçün 3 saniyə, Valentin Demyanenkoya 10 saniyə və ya Xetaq Qazyumova 10-15 saniyə çatmadı. Bu məsələdə psixoloji amil də rol oynayır. Burada hazırlığın düzgün aparılmamasından söhbət gedə bilməz. Çünki hazırlıq prosesi düzgün getməsə idi, həmin idmançı finala çıxa bilməzdi. Məğlubiyyətin əsas səbəblərini indidən demək çətindir. Bunu mütəxəssislər təhlil edib açıqlayacaqlar”.

Çingiz Hüseynzadə ağırlıqqaldırma üzrə yığmamızın düşdüyü çətin vəziyyətə də münasibət bildirib: "Bu gün dünyada dopinq qalmaqalı davam edir və bunun nəticəsi olaraq neqativ hadisələr baş verir. Bunu məhkəmə yolu ilə aydınlaşdırmağa çalışacağıq. Təmsilçimiz Boyanka Kostovanı son dünya çempionatına görə deyil, Londondakı çıxışından sonra götürülən analizin təkrar müayinəsinə görə cəzalandırdılar. Lakin vaxtilə dopinq qəbul etdikləri aşkara çıxan ABŞ idmançılarından bir neçəsini yarışa buraxdılar. Göründüyü kimi, bu istiqamətdə ikili standartlar mövcuddur. Belə hadisələr yarışlar vaxtı da müşahidə olundu”.
Yığmamızın Tokio-2020 ilə bağlı perspektivlərindən danışan MOK-un vitse-prezidenti Olimpiya Oyunlarının proqramına yeni daxil edilən karate növündə lisenziya qazanacağımıza ümid etdiyini bildirib. "Biz istərdik ki, növbəti Olimpiya Oyunlarında komanda idman növlərində də iştirak edək. Qadın voleybolu üzrə Azərbaycan millisi ötən il Avropa Liqası yarışlarının qalibi olub. Eləcə də idmanın atletika, üzgüçülük növlərini də inkişaf etdirməyə çalışmalıyıq. Çünki ən çox medal bu növlərdə verilir. Bu il atletikada dörd idmançı ilə təmsil olunduq. Uğur qazana bilmədik. Amma perspektivli idmançılarımız var. İnanırıq ki, onlar Tokioda medal uğrunda mübarizə aparacaqlar. Əsas məqsədimiz sosial şəbəkədə fəaliyyəti gücləndirərək idmanın kütləviliyinin daha da artmasına nail olmaqdır”, - deyə Çingiz Hüseynzadə vurğulayıb.

Sonda sosial şəbəkədə yerləşdirilən "Rio-2016 Birlikdə Güclüyük” layihəsi ilə bağlı videoçarx nümayış etdirilib.