Hərbçi futbolçular Bakıda bir araya gəldilər

Hərbçi futbolçular Bakıda bir araya gəldilər


Olimpnews.az saytı xəbər verir ki, aprelin 29-da «Grand Europa» otelində Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında birinci futbol kuboku yarışlarının püşkatma mərasimi keçirilib.
Mərasimdə müdafiə nazirinin müavini, Təşkilat Komitəsi sədrinin birinci müavini, general-leytenant Çingiz Məmmədov, Beynəlxalq Hərbi İdman Şurasının prezidenti, polkovnik Hamad Kalkaba, FİFA-nın İdarə Heyətinin üzvü Uolter Qaq, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, AFFA-nın nümayəndələri, milli komandanın məşqçiləri və digər qonaqlar iştirak ediblər.



Mərasimdə çıxış edən müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov bildirdi ki, hazırda Azərbaycan idmanı özünün yeni dirçəliş dövrünü yaşayır. Bu sahədə həm kəmiyyət, həm də keyfiyyət dəyişiklikləri baş verir, perspektivli idmançılarımızın sayı artır.
Qeyd edildi ki, Beynəlxalq Hərbi idman Şurasının ilk dəfə keçirilən futbol üzrə birinci dünya kuboku yarışlarına ev sahibliyinin Azərbaycana etibar edilməsi olduqca sevindiricidir. Bakıda dünya çempionatı yüksək idman mübarizəsi şəraitində keçiriləcək və layiqli komandalar qaliblər sırasında olacaqlar.
Tədbirdə çıxış edən Beynəlxalq Hərbi İdman Şurasının Prezidenti Hamad Kalkaba çempionata göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.



Çıxışlar başa çatdıqdan sonra hərbçilər arasında birinci futbol kuboku yarışlarının püşkatma mərasimi keçirilib.
Qeyd edək ki, çempionatda ABŞ, Almaniya, Azərbaycan, Bəhreyn, Braziliya, Əlcəzair, Fil Dişi Sahili, İraq, Kamerun, Kanada, Keniya, Qətər, Mali, Niderland Krallığı, Oman Sultanlığının komandaları mübarizə aparacaqlar.
Püşkatmanın nəticəsinə görə A qrupunda Azərbaycan, İraq, Mali, Kanada, B qrupunda Əlcəzair, Fransa, Bəhreyn, Keniya, C qrupunda Oman, Fil Dişi Sahili, Almaniya, ABŞ, D qrupunda Braziliya, Niderland Krallığı, Qətər, Kamerun komandaları mübarizə aparacaqlar.