Birincilik yarışında “İnter”ə ağır zərbə

Birincilik yarışında “İnter”ə ağır zərbə



"Neftçi” və "Qarabağ” isə liderlik mübarizəsini davam etdirirlər



Ötən həftəsonu Topaz Premyer Liqasında final mərhələsinin ikinci dövrəsinə start verilib. XXVIII turun ilk oyun günəndə iki, son gündə isə dörd matç təşkil olunub. Liderlərdən yalnız ikisi qələbə sayəsində çempionluq yolunda önəmli addım atıblar.
Şənbə günü ikinci "altılıq” çərçivəsində keçirilən qarşılaşmalar Premyer Liqada qalacaq komandanın taleyi baxımından böyük əhəmiyyət daşıyırdı. 29 xalla 10-cu pillədə qərarlaşan və 11-ci yerdən 2 xal öndə olan "Sumqayıt” "Kəpəz”in qonağı olub. Gəncə klubunun çempionatdan gedəcəyi artıq əvvəlki turlardan bəlli idi. Sumqayıt təmsilçisi üçün isə bu matç böyük əhəmiyyət kəsb edirdi. Bernard Raabın komandası qələbə qazanacağı halda, Topaz Premyer Liqasında qalmaq baxımından, önəmli addım atmış olacaqdı. Lakin "Kəpəz” buna imkan verməyib. Pərvin Paşayevin vurduğu qol oyunda yeganə olub və aşkar autsayder olan "Kəpəz” gözlənilmədən qələbə qazanıb.
Günün digər oyununda "Rəvan” doğma azarkeşlər önündə "Turan” klubunu sınağa çəkib. Bakı təmsilçisi Topaz Premyer Liqasındakı yerini təmin etmişdi. Tovuz klubu isə hazırda turnir cədvəlinin "zirzəmisindədir”. Bu səbəbdən "Turan”ın qələbə qazanmaqdan başqa çarəsi yox idi. Lakin ötən tur AZAL-a məğlub olan "Rəvan” buna imkan verməyib. Oyunun əvvəlində rəqib qapısına yol tapan Ayaz Mehdiyev "sarı-qırmızılar”a minimum hesablı qələbə qazandırıb - 1:0.
Turun digər oyunları bazar günü keçirilib. Qəbələdə keçirilən matçda yerli komanda "Qarabağ”ı qəbul edib. Ağdam təmsilçisi bu görüşdən qələbə ilə ayrılıb. Fasiləyə qədər hesabı aça bilməyən Ağdam klubu ikinci hissədə meydan sahiblərini 2 dəfə oyuna mərkəzdən başlamağa məcbur edib. Məhz bu qarşılaşmadan sonra "Qəbələ”nin medal qazanmaq şansları heçə enib. Artıq Qəbələ təmsilçisi növbəti mövsüm haqqında düşünə bilər. Medal şansını itirən bölgə klubu indi ən yaxşı halda dördüncü pilləyə ümid edə bilər. "Qarabağ” isə əksinə çempionluğa iddiasını davam etdirir. Kubokda mübarizəni dayandıran Qurban Qurbanovun komandası indi bütün gücünü Topaz Premyer Liqasına yönəldib. Bu qələbədən sonra Ağdam təmsilçisi turnir cədvəlində ikinci pilləni saxlayaraq, lider "Neftçi” ilə xal fərqinin artmasına imkan verməyib.



"Bakı” - "Simurq” matçına gəlincə, artıq Zaqatala klubu üçün heç bir medal şansının qalmadığını demək olar. Paytaxt təmsilçisinin isə belə bir iddiası yoxdur. "Bakı” kubokda mübarizəni dayandırandan sonra heç olmasa, mövsümü dördüncü pillədə başa vurmağa çalışacaq. "Simurq”la qarşılaşma bakılıların 4-cü pilləyə qalxmasına bir az da kömək edib. "Zolaqlılar” istəyinə nail olub. Qarşılaşmada paytaxt təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Çempionatın lideri "Neftçi” "İnter” klubu ilə münasibətlərinə aydınlıq gətirib. İlk "üçlük”də yer alan paytaxt klubları çempionluq arzusunda idi. "Neftçi” məğlub olacağı halda, liderliyi əldən verə bilərdi. Lakin Böyükağa Hacıyevin yetirmələri buna imkan verməyiblər. "İnter” isə məğlub olaraq, çempionluq şansını demək olar ki, itirib. Nikolas Kanales "bankçılar”ın çempionluq arzusunu ürəyində qoyub və bombardirlik yarışında liderliyini daha da möhkəmləndirib.
İkinci "altılığ”ın lideri AZAL evdə "Xəzər Lənkəran” komandasını sınağa çəkib. Oyunda meydan sahibləri favorit hesab olunurdu. Üstün oyun nümayiş etdirən "təyyarəçilər” meydandan qələbə ilə ayrılıblar - 2:0.
Beləliklə, Azərbaycanı qarşıdakı mövsümdə avrokuboklarda təmsil edəcək 4 klubdan ikisi müəyyənləşib. "Neftçi” və "Qarabağ” mövsümün sonluğundan asılı olmayaraq, qitə kuboklarına qatılacaqlar. Buna səbəb hər 2 komandanın Topaz Premyer Liqasının mükafatını təmin etməsidir. Yəni son 4 turunun nəticəsindən asılı olmayaraq, "Neftçi” və "Qarabağ” ilk "üçlük”də qərarlaşacaq. "Neftçi” və "Qarabağ”ın UEFA Avropa Liqasına və ya UEFA Çempionlar Liqasına yollanacağı kimin çempion olmasından asılıdır. 2 komandanın ilk "üçlük”də yerini təmin etməsindən sonra "Simurq” da ilk 2 yerə ümidini itirib. Zaqatalalılar indi yalnız "İnter”in qərarlaşdığı 3-cü yerə ümidlidir. Avrokuboklara 3-cü vəsiqənin sahibi isə artıq növbəti turda müəyyənləşə bilər. "İnter” öz meydanında "Bakı”nı məğlub etməklə digər oyunların nəticəsindən asılı olmayaraq bunu rəsmiləşdirmək, lakin "bankçılar” meydana çıxmadan da ilk "üçlük” və Avropaya vəsiqə qazanmaq imkanına malikdir. Bunun üçün 1 gün əvvəl meydana çıxacaq "Simurq”un "Qəbələ”yə uduzması kifayətdir. Zaqatalada heç-heçə qeydə alınsa, "İnter” uduzmamaq şərtilə "Neftçi” ilə "Qarabağ”a qoşulacaq.
Qeyd edək ki, sonuncu - 4-cü vəsiqə "Xəzər Lənkəran” və ya çempionatın 4-cü komandasından birinin olacaq. Bu, çempion və kubok sahibinin kimliyindən asılıdır.

Topaz Premyer Liqası
XXVIII tur

1-6-cı yerlər uğrunda

28 aprel

"Neftçi” - "İnter” - 2:0
Qollar: Nikolas Kanales, 51; 70 (pen.).
Qırmızı vərəqə: İbrahima Niasse, 70.
Bakı. "Bakcell Arena” stadionu.
Təsnifat mərhələsindəki oyunlar - 1:1, 2:0, 1:0

"Bakı” - "Simurq” - 2:1
Qollar: Cavid Hüseynov, 9, Rauf Əliyev, 77 - Marçin Burxardt, 81.
Bakı. "Bakı”nın təlim-məşq bazasının stadionu.
Təsnifat mərhələsindəki oyunlar - 0:0, 0:0, 1:0

"Qəbələ” - "Qarabağ” - 0:2
Qollar: Reynaldo Silva, 69; 76.
Qəbələ. Şəhər stadionu.
Təsnifat mərhələsindəki oyunlar - 2:1, 1:1, 0:1

7-12-ci yerlər uğrunda

27 aprel

"Kəpəz” - "Sumqayıt” - 1:0
Qol: Pərvin Paşayev, 70.
Bakı. "Dalğa Arena” stadionu.
Təsnifat mərhələsindəki oyunlar - 0:0, 1:2, 0:1

"Rəvan” - "Turan” - 1:0
Qol: Ayaz Mehdiyev, 6.
Bakı. "Bayıl Arena” stadionu.
Təsnifat mərhələsindəki oyunlar - 2:2, 2:0, 6:2

28 aprel

AZAL - "Xəzər Lənkəran” - 2:0
Qollar: Viktor İqbekoi, 24, Cavid Tağıyev, 64.
Qırmızı vərəqə: Elnur Allahverdiyev, 45.
Bakı. "AZAL Arena” stadionu.
Təsnifat mərhələsindəki oyunlar - 0:2, 2:1, 1:1