İspaniya çempionatının XXXIII turunun mərkəzi oyunu Madrid derbisi olub. "Atletiko” öz meydanında "Real” klubu ilə qarşılaşıb. "Visente Kalderon”da keçirilən matç qonaqların 1:2 hesablı qələbəsi ilə nəticələnib. Bununla da, "Real” "Atletiko” ilə oyunlarda 14 illik məğlubiyyətsizlik seriyasını davam etdirib.
"All Star of Azerbaijan” (Azərbaycan) - "Atletiko” (Madrid, İspaniya)
30 aprel. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:00.
Bu oyunda hesabı "Atletiko” klubu açıb. Artıq oyunun 4-cü dəqiqəsində komandanın uruqvaylı bombardiri Radamel Falkao çempionatda 26-cı qolunu vurub. Ancaq bundan cəmi 9 dəqiqə sonra meydan sahiblərinin müdafiəçisi Xuanfran avtoqol edərək, hesabı bərabərləşdirib. "Real”ın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasında Dortmundun "Borussiya” klubu ilə bu həftə keçiriləcək cavab oyununu nəzərə alaraq, xeyli futboçunu ehtiyatda saxlasa da, matçın gedişində əvəzləmələr etməli olub. Argentinalı yarımmüdafiəçi Anhel Di Mariya oyunun 63-cü dəqiqəsində qələbə topunu vurub.
Bununla da, "Real” 2-ci pillədə yerini möhkəmlədərək, ən yaxın izləyicisi olan "Atletiko”nu 6 xal qabaqlayıb. 74 xalı olan madridlilər lider "Barselona”dan 11 xal geri qalırlar. "Atletik”lə səfərdə 2:2 hesablı heç-heçə edən "Barselona” növbəti turda evdə "Betis”ə qalib gələcəyi halda, çempionluğunu rəsmiləşdirəcək.
Yeri gəlmişkən, "Bakı” klubunun dəvəti ilə 3 gün ərzində Azərbaycanın qonağı olacaq "Atletiko”nu gətirən təyyarə aprelin 28-də gecə saatlarında Heydər Əliyev adına Hava Limanında yerə enib. Üzərinə "Land of Azerbaijan” sözləri həkk olunan təyyarəni aeroportun önünə toplaşmış minlərlə insan qarşılayıb. Ulduz komandanın üzvləri hava limanından məskunlaşdığı "Marriot” hotelinə yollanıblar.
Aprelin 29-da şəhər gəzintisinə çıxan ispaniyalı qonaqlar nahardan sonra "Bakı”nın təlim-məşq bazasında planlaşdırılan avtoqraf mərasimi və fotosessiyaya qatılıblar. Mətbuat konfransı təşkil olunub. Media nümayəndələrinin önünə Dieqo Simeone, Arda Turan və Ardamel Falkao çıxıblar.
Məlumat üçün bildirək ki, "Atletiko” Azərbaycana 23 futbolçu ilə gəlib. Madrid təmsilçisi ölkəmizə əsas komandanın 20 oyunçusu ilə yanaşı, əvəzedici komandadan 3 gənc futbolçu da gətirib. Bunlar klubun yetirmələri olan Saula Niqes, Oliver Torres və Samuel Vilyadır. 19 yaşlı Saula əslində "Real”ın yetirməsidir. 5 ildir "Atletiko”da oynayan yarımmüdafiəçi artıq əsas komandada debüt edib. Onun həmyaşıdı olan Torres də yarımmüdafiəçidir. Karyerasına elə "Atletiko”da başlayan gənc futbolçu əsas komandada bir neçə matça çıxıb. 19 yaşlı Vilya isə sağ cinah hücumçusudur.
Qeyd edək ki, İspaniyanın və dünyanın ən tanınmış klubları sırasında yer alan "Atletiko” aprelin 30-da "All Star of Azerbaijan” komandası ilə yoldaşlıq oyunu keçirəcək. Futbol bayramı Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq və saat 19.00-dan start götürəcək konsert proqramı ilə başlanacaq. Zülfiyyə Xanbabayeva, Ədalət Şükürov, Brilliant Dadaşova futbol azarkeşlərinin önünə çıxacaqlar.