Üzeyir Hacıyev: “Hər iki dövlət mənim üçün doğmadır”

Üzeyir Hacıyev: “Hər iki dövlət mənim üçün doğmadır”
İdman aləmindən xəbərdar olanlar yaxşı bilir ki, Azərbaycanın bütün dünyada yetərincə tanınmış mütəxəssisləri olub. Onlar bu və ya digər ölkələrdə uğurla fəaliyyət göstərib, bir sıra idmançıların yetişməsində xüsusi rol oynayıblar. Bu isə Azərbaycan idmanının inkişafından, güclü təməlindən xəbər verir.

Məlumdur ki, Türkiyədə ağırlıqqaldırma ən populyar və uğurları ilə seçilən idman növlərindən biridir. Həmin uğurları biz dünya, Avropa və Olimpiya oyunlarında seyr etmişik. Bütün bu nailiyyətlərin qazanılmasında güclü idmançılarla yanaşı, təcrübəli məşqçilərin də rolu az deyil. Həmin mütəxəssislərdən biri də Üzeyir Hacıyevdir. Azərbaycanı qonşu ölkədə layiqincə təmsil edən məşqçimiz uzun illərdir, Türkiyədə fəaliyyət göstərir. Hər dəfə doğma vətənə gələndə isə redaksiyamızın qonağı olur. Onunla görüşəndə, söhbətimizin əsas mövzusu dəyişmir. Üzeyir müəllim, Türkiyədə gördüyü işlərdən, Azərbaycan idmanını bu ölkədə diqqətdə saxladığından və s. məsələlərdən danışır.

Müsahibimiz əvvəlcə Azərbaycan idmançılarından, onların əldə etdikləri uğurlardan danışarkən, böyük iftixar hissi duyduğunu dedi: "Bildiyiniz kimi, bu ilin ən mötəbər idman hadisəsi Rio-da təşkil olunan Olimpiya oyunları oldu. Azərbaycan idmançıları olimpiadada uğurla çıxış etdi. 18 medal əldə edən Azərbaycan yığma komandası yeni nəticələrlə dünyanın diqqət mərkəzinə düşdü. Şəxsən hər bir medaldan sonra sevincimin həddi-hüdudu olmurdu. Türkiyədəki həmkarlarım məni təbrik edirdilər. Qızıl medalın bir addımlığında qələbəni əldən verən idmançılarımızı görəndə məyus olurdum. Çünki bizim bayrağımız daim yüksəklərdə dalağalanmalıdır. Biz buna adət etmişik. Hər zaman qızıl medal sorağı ilə sevinmişik”.

Üzeyir müəllim söhbət əsnasında Azərbaycan və Türkiyə idmançılarının çıxışların müqayisə etdi: "Statistikaya nəzər salsaq, görərik ki, Azərbaycan 17 idman növü üzrə 56 idmançı ilə çıxış edib, 18 medal qazandı. Yığmamız yarışda 1 qızıl, 7 gümüş və 10 bürünc medala yiyələndi. Bu nəticə ilə Azərbaycan yığma komandası 207 ölkə arasında 39-cu pillədə qərarlaşdı. Türkiyə yığmasının heyətində isə 103 idmançı 21 idman növü üzrə yarışdı. "Ay ulduzlu” yığma komanda cəmi 8 medal əldə edib. Türkiyəli atletlər Olimpiadanı 1 qızıl, 3 gümüş, 4 bürünc medalla yekunlaşdırdılar. Müqayisə göz qarşısındadır. Rəqəmlər hər şeyi özündə ifadə edir. Hər iki dövlət mənim üçün doğmadır. Hər zaman bu xalqın uğurları ilə fəxr edirəm”.

Ağırlıqqaldırma üzrə təcrübəli məşqçimiz bildirdi ki, ağırlıqqaldırma son dövrlərdə bir sıra problemlərlə üzləşib. Dopinq hər iki ölkənin idmançılarını yarışlardan uzaqlaşdırıb. Azərbaycanlı ağırlıqqaldıranlar Olimpiadadan uzaqlaşdırıldı. Türkiyənin də aparıcı üzvləri yarışlardan kənarda qaldı. "Amma Rio-2016-da medal qazanılan növlər arasında bu növün də payı oldu. Lakin bu yerli atlet olmadı. Türkmənistanlı idmançı Daniyar İsmayılov yarışlarda gümüş medala yiyələndi. Hər halda fəxri kürsüdə Türkiyə bayrağı dalğalandı. Amma məsələ burasındadır ki, hər iki ölkənin istedadlı idmançıları var. Çalışmaq lazımdır ki, növbəti Olimpiadaya qədər bu qalmaqallar həll olunsun. Hesab edirəm ki, Tokio Olimpiadasında hər iki ölkənin bu növ üzrə yığma komandası layiqli çıxış edəcək”, - deyə Üzeyir Hacıyev bildirdi.