Gənclər və İdman Nazirliyi və «Real Madrid» Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Gənclər və İdman Nazirliyi və «Real Madrid» Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb



Aprel 29-da İspaniya Krallığının Madrid şəhərindəki Santiaqo Bernabeo satidonunda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və «Real Madrid» Fondu ("Fundación Real Madrid”) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. 2013-2017-ci illəri əhatə edən əməkdaşlıq müqaviləsinin əsas məqsədi "Uşaqları futbola cəlb etməklə sağlamlıqlarının qorunması və cəmiyyətə inteqrasiyası” adlı sosial layihə çərçivəsində Azərbaycanda futbol məktəbinin yaradılmasıdır. Layihənin ilkin mərhələsində futbol məktəbinin Bakı şəhəri "Vətən" İxtisaslaşmış Uşaq-Gənclər Fubtol Məktəbinin bazasında fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur.



Müqavilənin imzalanması mərasimində Azərbaycan nümayəndə heyətinin üzvləri - gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, nazirliyin idman şöbəsinin müdiri Mirkamil Rəhimov, "İnkişaf Naminə İdman” İctimai Birliyinin sədri Mehman Kərimov, Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri cənab Altay Əfəndiyev, İspaniya Krallığı tərəfdən «Real Madrid» Fondunun İcraçı vitse-prezidenti Enrike Sançez, fondun baş direktoru cənab Xulio Qonzales Ronko, beynəlxalq əlaqələr üzrə məsul şəxs xanım Rosa Ronkal, həmçinin digər qonaqlar və çoxsaylı media mənsubları iştirak ediblər.



Mərasimi giriş sözü ilə açan «Real Madrid» Fondunun icraçı vitse-prezidenti cənab Enrike Sançez rəhbərlik etdiyi fondun beynəlxalq layihələrindən, həmçinin dünyanın 60-dan çox ölkəsində fəaliyyət göstərən 200-dən artıq sosial idman məktəbinin fəaliyyətindən danışıb. Avropada 8-ci məktəbin Azərbaycanda açılmasının «Real Madrid» Fondu üçün şərəf olduğunu vurğulayan cənab Sançez, sosial futbol məktəbinin işinə uğurlar arzulayıb.
Sonra çıxış edən nazir müavini İ.İsmayılov Azərbaycan dövlətinin idman, o cümlədən futbolun inkişafı sahəsində həyata keçirdiyi layihələrdən və 21 illik müstəqillik dövründə əldə olunmuş nailiyyətlərdən danışıb. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 10 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın icrasına xidmət edən bu əməkdaşlığı nazir müavini futbolun uşaqlar və gənclər arasında kütləviləşməsi, onların sağlamlıqlarının qorunması və cəmiyyətə inteqrasiyası istiqamətində atılmış tarixi addım kimi qiymətləndirib. Nazir müavininin sözlərinə görə, Real Madrid Fondunun sosial idman modeli əsasında yaradılacaq futbol məktəbində 6-17 yaşlı oğlan və qızlara futbol üzrə təlim-məşqlərdən başqa, peşə yönümlü təlimlər, həyat bacarıqları, uşaqlar və valideynlər üçün psixo-sosial dəstək, valideynllik üzrə treninq və seminarlar təşkil ediləcək.