Aprelin 30-da "Bakı” və İspaniyanın "Atletiko Madrid” futbol komandaları arasında ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş yoldaşlıq oyunu keçirilib. Yoldaşlıq oyunu Tofiq Bəhramov adına Respublika stadionunda təşkil edilib. Oyunun ilk hissəsi qarşılıqlı hücumlar şəraitində keçib. Hesabı matçın 43-cü dəqiqəsində "Atletiko Madrid”in futbolçusu Oliver açıb. Görüşün ilk hissəsi İspaniya komandasının üstünlüyü ilə başa çatıb.
Fasilədən sonra, matçın 83-cü dəqiqəsində "Atletiko Madrid” komandasının futbolçusu Diyeqo Kosta ikinci topu "Bakı”nın qapısından keçirib. İspaniya komandasının oyunçusu Emilyano İnsua oyunun 88-ci dəqiqəsində hesab arasındakı fərqi artırıb. Beləliklə, baş hakim Rəhim Həsənovun idarə etdiyi oyun "Atletiko Madrid” komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.