Aprelin 29-da Topaz Premyer Liqasında mart ayının ən yaxşı futbolçusu və ən gözəl qolun müəllifinin adı açıqlandı. "Four Seasons” hotelində təşkil olunan tədbirdə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev, "AzərİdmanServis” MMC-nin baş direktoru Azər Məhərrəmov və Türkiyənin "Fənərbaxça” klubunun keçmiş futbolçusu Selçuk Yula iştirak edirdi.
Əvvəlcə söz PFL-in prezidentinə verildi. Ramin Musayev bombardirlər siyasında heç bir yerli futbolçunun adının olmamasından təəssüfləndiyini vurğuladı. "Əvvəlki tədbirimizdən fərqli olaraq bu dəfə KİV nümayəndələrinin sayı azdır. KİV bu il futbola diqqət ayıran tərəfdaşlarımıza daha çox dəstək olmalıdır. KİV nümayəndələrinin sayəsində hər ayın ən yaxşıları seçilir, bizim yarışlar işıqlandırılır. Lakin jurnalistlər futbolçuları tənqid etməkdən çox futbol rəhbərlərini tənqid edirlər. Sanki futbolu rəhbərlər oynamalıdır. Millimizin futbolçusu çempionat oyunlarında özünü göstərə bilmirsə, onu tənqid etmək lazımdır. Çünki o, milli komandaya, hamımıza lazım olan futbolçudur. Topaz-ın sayəsində Premyer Liqanın oyunlarından birbaşa yayımın sayı bir neçı dəfə artıb, I divizionun da bəzi oyunlar televiziya vasitəsi ilə yayımlanır. Amma bundan heç bir KİV yazmır. Premyer Liqanın bombardirləri sırasında yerli oyunçuların olmamasını araşdırmaq lazımdır. Bu işdə nə PFL-in, nə də AFFA-nın günahı yoxdur. Çempionat milli komandamız üçün keçirilir. Lakin milli komandanın üzvləri arxayınlaşmamalıdırlar. Premyer Liqanın formatının dəyişməsi Topaz üçün də xeyirlidir, çünki, çempionatda keçiriləcək oyunların sayı artacaq”, - deyə PFL prezidenti bildirdi.
Çıxış edən Azər Məhərrəmov belə tədbirlərin keçirilməsinin futbolun inkişafına və kütləviləşməsinə müsbət təsir göstərəcəyini qeyd etdi: "Artıq ənənəyə çevrilmiş tədbir iştirakçılarımızı Gənclər və İdman Nazirliyi və "AzərİdmanServis” MMC-nin adından salamlayıram. Ümid edirəm ki, idman nailiyyətlərimizin sayı hər ay daha da artacaq. PFL ilə birgə 3 illik layihəmizin bir neçə tərəfi var. Biz maliyə və iqtisadi tərəfinə görə məsuliyyət daşıyırıq. Texniki və peşəkarlıq məsələlərinə isə PFL cavabdehdir. Bu və ya digər qərarlar alarkən hər iki tərəf dünya və Avropa standartlarını əsas götürür. Əgər Topaz məntəqələrində qanun pozuntusu ilə rastlaşmısınızsa, bunu mənə bildirin. Sübut olunarsa, həmin məntəqənin liseniziyası geri alınacaq”.
Sonra söz Selçuk Yulaya verildi. O, bu cür tədbirlərin Türkiyədə uzun illərdir keçirildiyini bildirdi: "Bu artıq ikinci belə tədbirdir, bütün iştirakçıları təbrik edirəm. Bu cür tədbirlər Türkiyədə də uzun illərdir keçirilir. Mən özüm də bir neçə dəfə ayın ən yaxşı oyunçusu və ən yaxşı qolun müəllifi nominasiyalarında mükafatlar almışam. Bu, sevindirici haldır. İnanıram ki, bu iş Azərbaycanda da davamlı olaraq həyata keçiriləcək. "Qalatasaray”ı indidən çempionluqla təbrik edirəm. "Fənərbaxça” klubuna isə avroliqanın yarımfinal oyununda uğurlar arzulayıram”.
Çıxışlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirildi. Ən yaxşı futbolçu adına "Bakı” klubunun hücumçusu Marius Pena layiq görüldü. Ayın oyunçusu seçilən M.Pena Topaz-dan 1500 AZN pul mükafatı qazandı. "Bakı” klubunun hücumçusu ən yaxşı futbolçu seçildiyi üçün sevindiyini dedi: "Azərbaycan klubunun tanınmış bir Avropa klubu ilə oynamasını çox yaxşı hal sayıram. Buna görə sevinirəm. Komandamın Avroliqa şansları davam edir. Bu klubda çıxıış etdiyim üçün xoşbəxtəm. Məndən başqa, ayın ən yaxşı futbolçusu adına daha kimin layiq olduğunu deyə bilmərəm. Hər halda, bu, verilən səslərdən asılıdır. Ayın oyunçusu seçilmək tək mənim deyil, hər bir futbolçunun arzusudur. Bu uğurda mənim komanda yoldaşlarımın və məşqçinin də rolu var. Əgər komandam uğur qazanırsa, mən də qazanıram”.
Ən yaxşı qolun müəllifi isə AZAL klubunun yarımmüdafiəçisi Cavid Tağıyev oldu. Topaz tərəfindən ona 1000 manat mükafat verildi. "İlk yeri tutmağım mənim üçün gözlənilməz oldu. Mənə səs verən hər kəsə təşəkkürümü bildirirəm. Uğurun ardını gətirməyə çalışacağam”, - deyə o əlavə etdi.
Qeyd edək ki, ayın ən yaxşı futbolçusu 50-dən artıq jurnalistin səsvermə yolu ilə müəyyənləşdirilir. Səsvermədə qəzetimizi əməkdaşımız Rahib Səmədov təmsil edib. O, mart ayının ən yaxşı futbolçusu nominasiyasında Marius Penaya səs vermişdi.