“Kəpəz” və “Turan” çempionatdan kənarlaşdırıldı

“Kəpəz” və “Turan” çempionatdan kənarlaşdırıldı

 AFFA-nın inzibati binasında Lisenziyalaşdırma Komissiyasının (Birinci İnstansiya Orqanı) iclası keçirilib. İclasda UEFA və Premyer Liqanın klub yarışlarında iştirak etmək üçün müraciət edən 16 klubun sənədlərinə baxılıb.
Həmin klublardan 8-i Avropa kuboklarında, 8-i isə Premyer Liqada iştirak üçün müraciət edib. İlkin olaraq məlumat verilib ki, MOİK FK və "Tərəqqi” FK AFFA-nın Lisenziyalaşdırma Qrupuna müraciət edərək lisenziyalaşdırma prosesindən rəsmən imtina ediblər. Bununla əlaqədar Lisenziyalaşdırma Komissiyasında MOİK FK-nın və "Tərəqqi” FK-nın lisenziya almaqla bağlı ilkin müraciəti müzakirə olunmayıb.
Lisenziyalaşdırma Komissiyası müzakirələrdən sonra qərara alıb ki, idman, infrastruktur, kadr-inzibati, hüquq və maliyyə meyarlarını yerinə yetirdikləri üçün AZAL PFK, "Bakı” FK, "Qarabağ” FK, "Qəbələ” İK, "İnter” PİK, "Neftci” PFK, "Xəzər Lənkəran” FK, "Simurq” PFK-nın 2013-2014-cü illər mövsümündə Avropa kuboklarında, "Rəvan” FK və "Sumqayıt” FK-ya isə (2013-2014) Azərbaycan Premyer Liqa yarışlarında iştirakına icazə verilib. Əvəzində "Kəpəz” PFK, "Turan” PFK, "Qaradağ-Lökbatan” FK, "Ağsu” FK, "Neftçala” FK, "Lokomotiv” FK- nın (2013-2014) Azərbaycan Premyer Liqasında iştirak üçün müraciətləri təmin olunmayıb.
Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10-gün müddətində Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.