Taekvando üzrə “Koreya səfiri kuboku” turniri keçiriləcək

Taekvando üzrə “Koreya səfiri kuboku” turniri keçiriləcək

Sentyabrın 16-da Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Taekvando Federasiyasının (ATF) və Koreya Respublikasının ölkəmizdəki səfirliyinin təşkilatçılığı və dəstəyi ilə taekvando üzrə gənclər arasında üçüncü "Koreya səfiri kuboku” turnirinə start veriləcək.

Olimpnews.az saytının məlumatına görə, yarışın təşkilində məqsəd ölkədə taekvandonun təbliği, bölgələrdə idmanın bu növünün inkişafına təkan vermək, idmançıların yarış təcrübəsini və ustalığını artırmaqdır. Ümumilikdə, yeniyetmələrin sağlam həyat tərzi üçün idmanla məşğul olması da əsas məqsədlər sırasına daxildir.

Turnirdə respublikamızda fəaliyyət göstərən taekvando bölmələrinin və klublarının üzvləri, 2000-2003-cü il təvəllüdlü gənc idmançılar mübarizə aparacaqlar.

İki gün davam edəcək yarışlara hər gün saat 09:00-dan etibarən start veriləcək.

"DAEDO” beynəlxalq taekvando qaydaları üzrə keçiriləcək turnirin sonunda ilk üç yeri tutan idmançılar ATF və Koreya səfirliyinin təsis etdiyi kubok, müvafiq diplom və medallarla mükafatlandırılacaqlar.

Xatırladaq ki, turnir 2015-ci ildə Qubada, ötən il isə Qəbələdə keçirilib.