Ölkəmizdə futbolun inkişafı, kütləviliyinin artırılması məqsədilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) "Bakcell” şirkəti ilə "Bakcell Arena” əməkdaşlığı çərçivəsində birgə yeni layihəyə start verdi. "Futbol Bakcell ilə” layihəsi AFFA tərəfindən inşa edilmiş süni örtüklü meydançalarda müxtəlif yaş qrupuna daxil olan uşaqlar üçün məşqlər təşkil etmək, onların futbola, sağlam həyat tərzinə istiqamətləndirmək, bu idman növünün təbliğatını gücləndirmək məqsədi daşıyır. Layihə çərçivəsində iki yaş qrupu üzrə - 8-10 və 10-12 yaşlı uşaqlar həftədə iki dəfə təmənnasız məşq keçmək imkanı əldə edəcəklər.Xəbər verdiyimiz kimi, "Futbol Bakcell ilə” layihəsinə AFFA tərəfindən Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 56-58 ünvanında inşa olunan süni örtüklü meydançada start verildi. AFFA-nın prezidenti Rövnəq Abdullayev və "Bakcell” şirkətinin baş icraçı direktoru Riçard Şirer yeni tikilmiş bu meydançanın qarşısında qırmızı lenti kəsdi. Mərasim başa çatdıqdan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev jurnalistlərin suallarını cavablandırdı.
- Topaz Premyer Liqasında çempionluq uğrunda mübarizənin "Neftçi” və "Qarabağ” klubları arasında gedəcəyini demək olar?
- Hələ bunu demək tezdir. Hər şey ola bilər. Gələn mövsüm Premyer Liqa 10 komandanın iştirakı ilə keçiriləcək və 4 dövrədən ibarət olacaq. Artıq "altılıq " götürülür. "Altılıq” sisteminin müsbət cəhəti ilə yanaşı, 1-2 mənfi cəhəti də var idi. Mövsümün yarısında öz oyununu taparaq, irəli getməyi bacaran komandalar "altılıq”dan kənarda qalır və həvəsdən düşürdülər. Biz bunu "Xəzər Lənkəran”da da, AZAL-da da gördük. Ona görə də çalışıb, bu problemi aradan qaldırırıq. İndi 10 komanda bütün mövsüm boyu mübarizə aparacaq və bu zaman çempionatımız daha maraqlı olacaq. Ən vacib məsələ odur ki, biz də, siz də klublarla birgə çalışmalıyıq ki, azarkeşləri stadionlara gətirək. Əvvəllər deyirdik ki, stadionumuz yoxdur, gəlmirlər. İndi isə stadionlarımız da var, amma yenə də nəsə çatmır. Bu məsələdə siz jurnalistlərdən də çox şey asılıdır. Gərək futbolla bağlı elə yazılar yazasınız ki, azarkeşlərdə maraq yaransın. "Neftçi” artıq rəqiblərini "Bakcell Arena”da qəbul edir. Stadionun ətrafında yerləşən binalarda 12 mindən artıq insan yaşayır. Lakin oyun zamanı həmin stadion dolmur. Hazırda 65 min nəfər tutumu olan stadionun tikintisi gedir. Ölkə başçısı həmin arenanın 2015-ci ilə qədər tikilib təhvil verilməsini istəyir. Bu gün 12 min tutumu olan stadionu doldura bilmirik. Deməli, hamımız günahkarıq. Stadiona azarkeş gəlməsə, futbolun inkişafından danışmaq çətin olacaq.
- "Kəpəz” və "Turan” klubları lisenziya şərtlərini yerinə yetirə bilmədiyindən növbəti mövsümdə Topaz Premyer Liqasında iştirak edə bilməyəcəklər. Bununla da, qərb bölgəsi ölkə çempionatının güclülər dəstəsində təmsil olunmayacaq. Bunu necə qarşılayırsınız?
- FİFA və UEFA lisenziyalaşdırma məsələsini ciddiləşdirib. Yəni federasiyaya ciddi cəza da verilə bilər. Bunu nəzərə alaraq, klubların qarşısına lisenziya işinə ciddi yanaşmaq tələbi qoymuşuq. Yəni, hər bir klub sənədlərini vaxtında qaydasına salmalıdır. Bu səbəbdən də biz növbəti mövsümdə avrokuboklar və Topaz Premyer Liqasında tələb olunan meyarları müəyyənləşdirdik. Bu meyarlara cavab verə bilməyən "Turan” və "Kəpəz” klublarına isə növbəti mövsüm üçün lisenziyanın verilməsi məqsədəuyğun sayılmayıb.
- Bəzi klublar oyunlara əcnəbi hakimlərin dəvət edilməsi məsələsini təklif ediblər. Bu fikirlə razısınızmı?
- Bunun tərəfdarı deyilik. Avropada keçirilən oyunlara diqqət yetirdikdə orda da hakim səhvlərinin kifayət qədər olduğunu görürük. Hakimlərin işinə ciddi nəzarət edirik. Onların vaxtı-vaxtında təlim-məşq toplanışı keçirməsinə şərait yaradırıq. Hakimlərimiz ildə, ən azı, 2 dəfə toplanış keçirir, toplanış zamanı əcnəbi klubların keçirdiyi oyunları idarə edir. Gələcəkdə FİFA hakimlərimizin sayını artırmaq istəyirik. Çempionatı keçirən təşkilat kimi ədalətli hakimlik bizim borcumuzdur. Buna nail olmaq üçün maksimum çalışırıq. Hazırda hansısa qərəzdən söhbət gedə bilməz. Oyunları Peşəkar Futbol Liqasının kameraları da çəkir. Bütün oyunlar yenidən izlənilir. Sadəcə, insan qərəzindən söhbət gedə bilməz.
- Legioner limitinin dəyişdirilməsi ilə bağlı hər hansı bir qərar gözlənilir?
- Heç bir dəyişiklik gözlənilmir. Limiti dəyişərək, meydana hər komandanın heyətində minimum bir 21 yaşınadək futbolçunun çıxması tələbini qoymuşuq. Bunu etməklə gənc futbolçuların Topaz Premyer Liqasında özlərinə yer tapmalarına şərait yaratdıq. Onu da qeyd edim ki, limiti dəyişən zaman klublar müəyyən problemlərlə qarşılaşırlar. Hələ ki, yüksək səviyyəli futbolçularımızın sayı kifayət qədər deyil. Bu nöqteyi-nəzərdən, klubları da düşünməyə çalışırıq. Bu gün klubların qarşısına əvəzedici, eləcə də aşağı yaşlı futbolçulardan ibarət komandalar yaratmaq tapşırığı qoyulub. Onlara bu inkişafı davam etdirmək üçün kömək etməliyik.
- Bəs klublarla tövsiyə xarakterli hər hansı bir görüşünüz gözlənilirmi ki, hakim səhvləri baş verən zaman onlar bunu qlobal problemə çevirməsinlər?
- Bu, bizdə xəstəlik halını alıb. Uduzan komandanın baş məşqçisi dərhal hakim idarəçiliyindən narazılıq edir. Komandanın oyunu isə kənarda qalır. Mən də klub rəhbəri olmuşam, bu prosesləri bilirəm. Müəyyən klublara demişəm ki, bu məsələni etiraz əlaməti kimi qaldıranlar ciddi cəzalandırılacaqlar. Peşəkar Futbol Liqası yarışların təşkilini üzərinə götürüb. Biz yarışları maksimum dərəcədə ədalətli keçiririk və buna daim çalışırıq. Hakimliyə qarşı aktiv çıxış edənləri cəzalandırırıq. Elə hakimləri də cəzalandırırıq. Məsələn, son oyunlardakı səhvlərə görə bir neçəsi cəzasını alıb. Onlar insandır, səhv buraxa bilərlər. Elə epizodlar olur ki, nəticə çıxarmaq 50-nin 50-yə nisbətində qiymətləndirilir. Bunların hamısı araşdırılır, İntizam, Apellyasiya və Ekspert Komissiyasında baxılır. Bununla yanaşı, qərar qəbul olunub ki, hakimlərə verilən cəza açıqlanmasın. Harada görünüb ki, hakimləri ədalət məhkəməsinə çıxarsınlar? İnsan üçün ən böyük cəza pul cəriməsidir. Hakimlərə cəza da kəsilir, onlar matçlara getmədiklərindən qonorarsız da qalırlar, I divizionda oyun idarə etməyə də göndərilirlər. Amma biz bu cəzaları elan etmirik. Bir daha bəyan edirəm ki, maksimum ədalətli oyun keçirmək bizim şərəf borcumuzdur və bunu yerinə yetiririk.
- "Atletiko”ya qarşı əvvəlcə Azərbaycan yığmasının oynayacağı bildirilirdi. Amma "Bakı ulduzları” adlı komanda meydana çıxdı...
- Bu, "Bakı” klubunun layihəsidir. Bura AFFA-nın heç bir dəxli yoxdur. Mətbuatdan oxumuşdum ki, görüşü AFFA və SOCAR təşkil edib. Bura AFFA-nın və SOCAR-ın heç bir aidiyyatı yoxdur. Bu, "Bakı” klubunun öz proqrammı və layihəsidir.
- Sumqayıt Futbol Mərkəzinin I mərhələsinin tikinti işləri yekunlaşmaq üzrədir. Növbəti mərhələyə dərhal start veriləcəkmi? Gəncə şəhər stadionunun yenidən qurulması ilə bağlı hansı işlər görüləcək?
- Bu məqsədlə layihə hazırlanır. Gəncə və Tovuz şəhər stadionlarının örtüyünü AFFA-nın hesabına dəyişdirdik. Sumqayıt Futbol Mərkəzində isə 2 meydança və 2000 tamaşaçı tutumuna malik stadionlar salınacaq. Böyük stadionun layihəsi artıq hazırlanır və gələcəkdə inşasına başlanılacaq.
- Azərbaycan və Avropanın futbol veteranları arasında yoldaşlıq görüşü keçirildi. Oyundan nə gözləyirdiniz: şou, yoxsa əsl mübarizə?
- Əsas məsələ odur ki, oyun maraqlı keçdi, tamaşaçılar gəldi. Bu matçı təşkil etməkdə məqsədimiz tribunaları doldurmaq idi. Gördüyünüz kimi, İngiltərənin "Mançester Yunayted” klubunun keçmiş hücumçusu Duayt York, Türkiyə yığmasının keçmiş oyunçuları Rüştü Rəçbərlə Hakan Şükürü dəvət etmişdik. Həyata keçirdiyimiz layihələrlə uşaqların futbola marağını artırmaq niyyətindəyik.