Yığmamızın FİFA reytinqindəki mövqeyi dəyişmədi

Yığmamızın FİFA reytinqindəki mövqeyi dəyişmədi


FİFA milli komandaların may ayı üçün növbəti reytinq cədvəlini açıqlayıb. 2013-cü ildə açıqlanan beşinci cədvələ, əsasən, turnir cədvəlinin ilk 13 pilləsində dəyişiklik olmayıb.
Turnir cədvəlinə son dünya və Avropa çempionu İspaniya yığması başçılıq edir. İspanların aktivində 1538 xal var. 2-ci pillədə 4 dəfə dünya çempionu olmuş Almaniya yığması qərarlaşıb. Almanlar liderdən nə az, nə də çox, düz 110 xal geri qalırlar (1428 xal). İlk "üçlüy”ü Argentina millisi qapayır. Argentinalıların aktivində 1296 xal var.
İlk "onluq”da Xorvatiya (1191 xal), Portuqaliya (1163 xal), Kolumbiya (1154 xal), İngiltərə (1135 xal), İtaliya (1117 xal), Hollandiya (1093 xal) və Ekvador (1058 xal) komandaları da yer alıblar. Maraqlıdır ki, 5 qat dünya çempionu Braziliya milli komandası reytinqdə 19-cu pillədəki mövqeyini qoruyub.
Məlumat üçün bildirək ki, budəfəki cədvəldə ən böyük irəliləyiş Qrenadaya məxsusdur - 20 pillə. Ən böyük geriləmə isə Sent-Vinsent və Qrenadinaya aiddir - 10 pillə.
Azərbaycan milli komandası ötən reytinqlə müqayisədə mövqeyini dəyişməyərək 120-ci pillədə qərarlaşıb. Hazırda Berti Foqtsun yetirmələrinin aktivində 276 xal var. Qeyd edək ki, milli komandamız ötən ay heç bir oyun keçirməyib. Yığmamız UEFA-nın reytinq cədvəlində 44-cü yerdədir.
DÇ-2014-ün seçmə mərhələsində yığma komandamızın da yer aldığı F qrupunun favoriti Portuqaliya millisi bayaq dediyimiz kimi, yerini qoruyub. Priney təmsilçisi 1163 xalla 5-ci yerdədir. Rusiya yığması da mövqeyini qoruyanların siyahısındadır. Qonşu ölkə təmsilçisi 1052 xalla 11-ci yerdə qərarlaşıb.
Digər rəqibimiz İsrail yığması 1 pillə geriləməyi ilə diqqəti çəkib. İsraillilər 536 xalla 59-cu yerdədirlər. Şimali İrlandiya yığması da digər iki rəqibimiz kimi mövqeyini qoruyub. Böyük Britaniya təmsilçisi 285 xalla 119-cu yerdədir. Əvəzində Lüksemburq millisi qrupun reytinq cədvəlində autsayderidir. Ötən ayla müqayisədə, 1 pillə geriləyən Lüksemburq 182 xalla siyahıda 148-ci olub. Türkiyə millisi də reytinq siyahısında yerində qalıb. Qardaş ölkənin təmsilçisi 634 xalla 44-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, növbəti reytinq cədvəli iyunun 6-da açıqlanacaq.

1 (1). İspaniya 1538
2 (2). Almaniya 1428
3 (3). Argentina 1296
4 (4). Xorvatiya 1191
5 (5). Portuqaliya 1163
6 (6). Kolumbiya 1154
7 (7). İngiltərə 1135
8 (8). İtaliya 1117
9 (9). Hollandiya 1093
10 (10). Ekvador 1058
11 (11). Rusiya 1052
12 (12). Kot-D İvuar 1008
13 (13). Yunanıstan 986
14 (15). İsveçrə 967
15 (16). Belçika 953
16 (14). Meksika 945
17 (17). Uruqvay 932
18 (18). Fransa 914
19 (19). Braziliya 902
20 (20). Danimarka 900
...59 (58). İsrail 536
...119 (119). Şimali İrlandiya 285
...120 (120). AZƏRBAYCAN 276
...148 (147). Lüksemburq 182