Bakı Futbol Federasiyasının iki yaş qrupu üzrə təşkil etdiyi VIII "Sabahın ulduzları” paytaxt çempionatı başa çatıb. 2000-2001-ci illər təvəllüdlü futbolçulardan ibarət komandaların yarışdığı yuxarı yaş qrupunda çempion olan Ağdamın "Qarabağ” komandası qazandığı mükafatlarına bugünlərdə qovuşub. Mükafatlandırma mərasimində Bakı Futbol Federasiyasının nümayəndələri Urfan Məmmədli və Mahir Süleymanov, "Qarabağ” FK-nın icraçı direktoru Əmrah Çəlikəl, "Qarabağ” FK-nın aşağı yaş qrupları üzrə koordinatoru Səbahəddin Tekin iştirak ediblər. Yüksək bayram əhval-ruhiyyəsində keçən tədbirdə çıxış edənlər yarışın təşkilatçılarına dərin minnətdarlıqlarını bildirib, "Sabahın ulduzları” paytaxt çempionatının Azərbaycan futbolunun gələcəyi üçün böyük əhəmiyyət daşıdığını vurğulayıblar.
İlk olaraq "Qarabağ” U-13-ün məşqçiləri Elbrus Rzayev və İlkin Hüseynova hədiyyələr verilib. Sonra nominasiyalar üzrə fərqlənən "Qarabağ”ın futbolçuları Nicat Məmmədov, Sadiq Hüseynli və Asim Mirzəyev kuboklarla mükafatlandırılıblar. Ardınca Urfan Məmmədli, Əmrah Çəlikəl, Səbahəddin Tekin və Aslan Kərimov salona toplaşanların gurultulu alqışları altında qızıl medalları çempionların boynundan asıblar. Komandanın kapitanı Akif Hümbətzadəyə çempionluq kubokunun təqdim olunması isə xüsusi sevinc və coşqu ilə qarşılanıb.