Yığmamız səfərdə İsveç millisi ilə qarşılaşıb

Yığmamız səfərdə İsveç millisi ilə qarşılaşıb


Voleybol üzrə kişilərdən ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sonuncu oyununu keçirib.
Seçmə mərhələnin "G” qrupunda qərarlaşan millimiz səfərdə İsveç yığmasının qonağı olub.
İtaliyalı baş hakim Roberto Barisin idarə etdiyi oyun İsveç millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
"G” qrupunda 17 xalla birinci pillədə qərarlaşan Yunanıstan yığması turnirin final mərhələsinə adlayıb.
Kişilər arasında voleybol üzrə 31-ci Avropa çempionatının ötən ilin avqustunda start verilən seçmə mərhələsi yanvarın 9-da başa çatıb. Təsnifat yarışlarında iştirak edən 26 komanda yeddi qrupda mübarizə aparıb. Seçmə mərhələnin yekununda 12 komanda - 7 qrupun hər birinin qalibləri və qrup ikinciləri arasında ən yaxşı göstəricilərə sahib olan beş komanda Avro-2019-un final mərhələsinə vəsiqə qazanacaq.
Final mərhələsinin təşkilatçıları olan 4 komanda - Fransa, Sloveniya, Belçika və Hollandiya yığmaları, habelə əvvəlki Avropa çempionatının yekunlarına əsasən ən yaxşı nəticə göstərmiş Rusiya, Almaniya, Serbiya, İtaliya, Bolqarıstan, Çexiya, Polşa və Türkiyə milliləri seçmə mərhələdə iştirak etməkdən azad olunub.